2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 154 milyon 659,6 min manat vəsait geri ödənilib.
Məlumata görə, geri qaytarılan məbləğə pərakəndə ticarət və ictimai iaşə obyektlərində əldə olunan mallara, mədəniyyət müəssisələrinin xidmətlərinə (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, həmçinin işğaldan azad edilmiş ərazilərdə göstərilən mehmanxana xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması daxildir. Eyni zamanda, əcnəbi vətəndaşların ölkə ərazisində şəxsi istifadə məqsədilə aldıqları yerli istehsal mallarına görə ƏDV də geri ödənilib.
Bundan başqa, bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da geri qaytarılan vəsaitlər sırasında yer alıb.