Sinqapurun DBS Bankı korporativ kreditlərin qiymətləndirilməsi prosesində süni intellektdən istifadənin miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Bank təxminən 1 500 əməkdaşı üçün agent əsaslı süni intellekt (Agentic Artificial Intelligence – Agentic AI) həllini istifadəyə verib.
DBS-in məlumatına görə, ixtisaslaşmış AI agentləri kredit qiymətləndirilməsi prosesində 70-dən artıq tapşırığı yerinə yetirə bilir. Sistem müxtəlif məlumat mənbələrini təhlil edərək kredit memorandumunun ilkin, baxış üçün hazır variantını hazırlayır.
Korporativ kreditlərin qiymətləndirilməsi zamanı bank əməkdaşları şirkətlərin maliyyə vəziyyətini, biznes perspektivlərini, risk profilini, illik hesabatları, sektor məlumatlarını və bankın daxili məlumatlarını təhlil etməlidirlər.
DBS bildirir ki, bu proses əlaqələr üzrə menecerlərin iş vaxtının 40%-dək hissəsini tuta bilər. Yeni AI həllinin tətbiqi ilə araşdırma və kredit memorandumunun hazırlanmasına sərf olunan vaxtın ən azı 30% azaldılması planlaşdırılır.
Sistem əvvəlcə 150 əməkdaşın iştirakı ilə pilot rejimdə sınaqdan keçirilib. Uğurlu pilotdan sonra həll bankın müxtəlif ölkələrdə çalışan təxminən 1 500 əməkdaşına təqdim olunub.
Bununla belə, kredit qərarının verilməsi AI-a həvalə edilmir. Süni intellekt ilkin təhlili və sənədi hazırlayır, bankın əlaqələr üzrə və kredit riski menecerləri isə nəticələri qiymətləndirir, əlavə araşdırma aparır və yekun kredit təhlilini formalaşdırırlar.
DBS-in İnstitusional Bankçılıq Qrupunun rəhbəri Han Kwee Juanın sözlərinə görə, texnologiyanın məqsədlərindən biri bankın ən təcrübəli kredit və müştəri menecerlərinin biliklərinin daha geniş miqyasda tətbiq edilməsidir.
DBS son illərdə süni intellektin bank daxilində tətbiqini sürətləndirir. Bankın 2025-ci il üzrə hesabatına əsasən, DBS-də 2 000-dən çox AI modeli 430-dan artıq istifadə ssenarisində tətbiq olunub və məlumat analitikası ilə süni intellektdən təxminən 1 milyard Sinqapur dolları iqtisadi dəyər əldə edilib.
DBS-in yeni addımı bank sektorunda süni intellektin sadəcə müştəri chatbotlarından daha mürəkkəb funksiyalara – kredit təhlili və risklərin idarə olunması kimi əsas bank proseslərinə keçdiyini göstərən nümunələrdən biridir.
Mənbə: DBS Bank