Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasında “İlk dərs günü” tədbiri baş tutub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, “Deneyap” texnologiya laboratoriyasına qəbul olunmuş şagirdlər, onların valideynləri və digər qonaqlar iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
“Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse şagirdlərə və onların valideynlərinə “Deneyap” proqramı çərçivəsində keçiriləcək təlimlər, laboratoriya konseptləri, tədbirlər, təhsil modeli və dərs planları, tədris müddəti, dərsliklər və s. barədə məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qonaqlar “Deneyap” texnologiya laboratoriyasına qəbul olunmuş şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda xatirə fotosu çəkilib.
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı 2 mərhələdən ibarət olub. 1-ci mərhələ olan yazılı imtahanda iştirak edən Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6, 7-ci sinfini bitirən 5000-ə yaxın şagird arasından ən çox bal toplayan 431 şagird 2-ci mərhələ olan praktiki imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.