2029-cu ilədək Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 61 %-nin qeyri-neft sektorunun hesabına formalaşdırılması nəzərdə tutulur.
BBN.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Wael Mansour Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu hədəf Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm dönüş nöqtəsi hesab olunur.
V.Mansur qeyd edib ki, dövlət xərclərinin nominal ifadədə hər il orta hesabla 2,3 % artacağı proqnozlaşdırılır. Bununla belə, real ifadədə xərclərdə cüzi azalmanın baş verəcəyi gözlənilir ki, bu da hökumətin fiskal intizam siyasətini əks etdirir.
Dünya Bankının nümayəndəsi vurğulayıb ki, ehtiyatlı fiskal və makroiqtisadi siyasət bazarlarda etimadın artmasına, ölkənin risk göstəricilərinin yaxşılaşmasına, kredit aktivliyinin və birbaşa xarici investisiyaların dəstəklənməsinə müsbət təsir göstərir.
Onun fikrincə, qeyri-neft gəlirlərinin artırılması və dövlət maliyyəsinin dayanıqlığının gücləndirilməsi Azərbaycanın uzunmüddətli iqtisadi inkişafı və iqtisadiyyatın şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.