Dünya Bankı Azərbaycanın turizm sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək məqsədilə bir sıra tövsiyələri əhatə edən yol xəritəsi təqdim edib.
BBN.az xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce Bakıda keçirilən “İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın turizm sektorunun növbəti inkişaf mərhələsi əsasən Bakı və tədbir turizminə əsaslanan modeldən regionların iqtisadi potensialını üzə çıxaran, daha şaxələndirilmiş turizm modelinə keçidi tələb edir.
R.Prays qeyd edib ki, bunun üçün turizm destinasiyalarının idarə olunması gücləndirilməli, regionlara nəqliyyat əlçatanlığı yaxşılaşdırılmalı, paytaxtdan kənarda yerləşdirmə və turizm xidmətləri genişləndirilməli, yerli sahibkarlıq təşviq edilməli, turizm sahəsində kadr hazırlığına daha çox investisiya yönəldilməli, həmçinin hava əlaqələri və beynəlxalq bazarlara çıxış imkanları artırılmalıdır.
Dünya Bankının regional direktoru vurğulayıb ki, turizmin inkişafı yalnız ölkəyə daha çox turist cəlb etmək məqsədi daşımır. Bu sahə yerli biznes üçün yeni imkanların yaradılması, investisiyaların təşviqi, xüsusilə qadınlar və gənclər üçün məşğulluğun artırılması, eləcə də iqtisadi inkişafın regionlar arasında daha balanslı bölüşdürülməsi baxımından mühüm rol oynayır.
Onun sözlərinə görə, güclü turizm ekosistemi nəqliyyat, qonaqpərvərlik, kənd təsərrüfatı, pərakəndə ticarət, eləcə də kiçik və orta biznesin inkişafına ciddi təkan verə bilər.
R.Prays əlavə edib ki, Azərbaycan hökuməti turizmi artıq strateji prioritetlərdən biri kimi müəyyənləşdirib. Növbəti mərhələdə əsas vəzifə bu planların konkret investisiya layihələrinə çevrilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın dərinləşdirilməsi, həmçinin regionların beynəlxalq turizm bazarında rəqabət qabiliyyətinin artırılması olacaq.