Azərbaycanda fəaliyyət göstərən aparıcı ödəniş təşkilatlarından biri olan “Modenis” MMC (eManat) ilə bağlı mühüm struktur dəyişikliyi həyata keçirilir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətinin artırılması və innovativ həllərin genişləndirilməsi məqsədilə “Modenis” MMC “MPAY” MMC-yə qoşulur. Qoşulma çərçivəsində şirkətin bütün hüquq və öhdəlikləri “MPAY” MMC-yə ötürülür.
Məlumata görə, həyata keçirilən dəyişiklik istifadəçilər üçün hər hansı çətinlik yaratmayacaq. Mövcud xidmət və məhsullar olduğu kimi saxlanılır və müştərilər ödəniş və maliyyə xidmətlərindən fasiləsiz şəkildə istifadə etməyə davam edəcəklər.
Bildirilib ki, ölkə üzrə minlərlə özünəxidmət nağd ödəniş terminalını əhatə edən “eManat” brendi də fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Terminallar vasitəsilə təqdim olunan xidmətlərdə və istifadəçi interfeysində hər hansı dəyişiklik nəzərdə tutulmur.
Qeyd olunur ki, bu inteqrasiya “MPAY” MMC-nin rəqəmsal ekosistemini daha da gücləndirəcək. Nəticədə istifadəçilər həm nağd (terminallar vasitəsilə), həm də nağdsız (mobil tətbiq üzərindən) ödənişləri daha sürətli və vahid sistem üzərindən həyata keçirə biləcəklər.
Xatırladaq ki, “MPAY” MMC Azərbaycan Respublikası Mərkəzi Bankının 11 iyul 2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. Platforma 550-dən çox xidməti vahid məkanda birləşdirərək istifadəçilərə mobil, kommunal, kredit, təhsil və digər ödənişləri operativ və rahat şəkildə həyata keçirmək imkanı yaradır.