Moldovanın aşağı büdcəli aviaşirkəti olan “FLYONE Asia” Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərin icrasına başlayıb.
BBN.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bildirilib ki, yeni əməkdaşlıq çərçivəsində Daşkənd–Bakı–Daşkənd reysləri həftədə bir dəfə, hər çərşənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportuna, Daşkənd–Gəncə–Daşkənd reysləri isə hər bazar günü Gəncə Beynəlxalq Hava Limanına yerinə yetiriləcək.
Qeyd edilib ki, “FLYONE Asia”nın Azərbaycan bazarına daxil olması ölkənin aviasiya sektorunun inkişafı və beynəlxalq hava əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti mühüm addımdır: “Yeni aviaşirkətin fəaliyyətə başlaması sərnişinlər üçün əlavə seçim imkanları yaradacaq, regionlararası əlaqələrin inkişafına və qarşılıqlı səfərlərin artmasına töhfə verəcək”.
Bildirilib ki, Daşkənd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində mühüm strateji əhəmiyyətə malik şəhərlərdən biridir: “Yeni reyslər iki ölkə arasında iqtisadi, turizm və humanitar əlaqələrin daha da inkişafına, eləcə də regionlar arasında mobilliyin artırılmasına xidmət edəcək. Uçuş cədvəli və biletlərlə bağlı ətraflı məlumat “FLYONE Asia” aviaşirkətinin rəsmi satış kanalları vasitəsilə əldə edilə bilər”.