İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda vergi tənzimləmələrinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində daha 3 beynəlxalq şirkəti elektron qaydada vergi uçotuna alıb.
BBN.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, elektron vergi uçotuna alınan şirkətlər Niderlandın Zoho Corporation B.V., ABŞ-nin Zoom Communications, Inc. və OpenAI OpCo, LLC şirkətləridir.
Qurumun məlumatına görə, bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı sentyabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, bu il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, gələn aydan elektron ticarət qaydasında xidmət göstərən və Azərbaycanda illik dövriyyəsi 10 min ABŞ dollarını aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq.
Yeni qaydalara əsasən, elektron qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV-ni banklar tutmayacaq. Həmin şirkətlər vergini özləri hesablayacaq, bəyan edəcək və dövlət büdcəsinə ödəyəcəklər.
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqinə hazırlıq prosesinin mühüm nəticələrindən biri hesab olunur. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və daha şəffaf biznes mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.