ABŞ və İran arasında elan olunan atəşkəsə baxmayaraq, qlobal neft bazarında qeyri-müəyyənlik davam edir və qiymətlər üzrə risklər artım istiqamətində qiymətləndirilir.
Bu barədə “Goldman Sachs”ın təhlilində bildirilib.
Hesabatda qeyd olunur ki, əsas ssenariyə görə, Hörmüz boğazı vasitəsilə neft axınlarında 6 həftəlik fasilə və sonradan tədricən bərpa gözlənilsə də, faktiki vəziyyətdə axınlar aşağı səviyyədə qalır və danışıqlar hələ də razılaşma ilə nəticələnməyib. Bu isə Körfəz regionundan ixracın daha uzunmüddətli azalması və neft qiymətlərinin yüksəlməsi riskini artırır.
Təhlilə əsasən, mənfi ssenaridə 2026-cı ilin IV rübündə Brent markalı neftin qiyməti 100 dollar, daha ağır ssenaridə isə 115 dollar səviyyəsində qərarlaşa bilər.
Bank eyni zamanda inflyasiya proqnozlarını da yüksəldib. Belə ki, ABŞ-da 2026-cı ilin dekabrı üzrə illik inflyasiya proqnozu 1 faiz bəndi artırılaraq 3,1%-ə, əsas inflyasiya isə 0,3 faiz bəndi artırılaraq 2,5%-ə çatdırılıb. Aprel ayında isə benzin qiymətlərindəki artım fonunda inflyasiyanın 3,6%-ə qədər yüksələrək pik həddə çatacağı gözlənilir.
Qeyd olunur ki, inflyasiyaya əsas təsir enerji xərclərinin ötürülməsi ilə bağlıdır. Xüsusilə avia biletlərdə qiymət artımı daha sürətli müşahidə olunur. ABŞ-da reaktiv yanacağın qiymətinin fevral ayından bəri 83% artması bu istiqamətdə təzyiqi artırır. Bununla yanaşı, gübrə və digər xammalların bahalaşması ərzaq qiymətlərinin təxminən 1,5% artmasına səbəb ola bilər.
“Goldman Sachs” ABŞ iqtisadi artımı üzrə proqnozlarını da aşağı salıb. 2026-cı ilin IV rübü üzrə istehlak artımı 2%-dən 1,2%-ə endirilib. Bildirilir ki, yanacaq xərclərinin artması real gəlirləri azaldır və xüsusilə avtomobil, istirahət və digər qeyri-zəruri xərclərə mənfi təsir göstərir.
Hesabatda əlavə edilir ki, maliyyə şərtlərinin sərtləşməsi iqtisadi aktivliyə təsir etsə də, bu təsir əvvəlki müharibələrlə müqayisədə daha məhdud qalır. Maliyyə şərtləri indeksi pik dövrdə 75 baza bəndi artsa da, hazırda xalis artım 25 baza bəndi səviyyəsindədir.
Analitiklərə görə, mövcud şəraitdə əsas risklər neft qiymətlərinin yüksəlməsi, inflyasiya təzyiqlərinin güclənməsi və iqtisadi artımın zəifləməsi ilə bağlıdır.