Azərbaycanda dövlət satınalmalarında tətbiq olunan çərçivə sazişi mexanizmi ilə bağlı bir sıra problemlər mövcuddur.
Məlumata görə, bu barədə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatında bəyan edib.
Qeyd olunub ki, çərçivə sazişi şəffaflığı artıran alətlərdən biri hesab edilsə də, onun icra mərhələsində müəyyən çatışmazlıqlar müşahidə olunur.
Xüsusilə nəqliyyat vasitələrinin təmiri üzrə qaliblərdən yekun qiymətin alınması prosedurunun bəzi hallarda sui-istifadə riskləri yaratdığı bildirilib.
Eyni zamanda, çərçivə sazişləri üzrə ehtimal olunan qiymət anlayışının tətbiqi ilə bağlı sualların olduğu qeyd edilib. Belə ki, iştirak haqqı ehtimal olunan qiymət əsasında müəyyən edilsə də, sonradan bağlanan müqavilələrin məbləği bu göstəricidən dəfələrlə aşağı olur.
Hesabatda həmçinin vurğulanıb ki, çərçivə sazişi əsasında keçirilən satınalmalarda icra təminatının tələb olunmaması, açıq tenderlərdə isə təklif təminatının mövcud olması mexanizmin tətbiqində uyğunsuzluq yaradır.
Hesablama Palatası bu səbəbdən çərçivə sazişi prosedurlarının sadələşdirilməsini, əsas diqqətin çevik tədarükün təmin edilməsinə yönəldilməsini, eləcə də iştirak haqqının fərqli qaydada müəyyən olunmasını təklif edir.