Azərbaycana ərzaq məhsullarının idxalının artmasının səbəbləri açıqlanıb.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda qeyd olunub.
Hesabatda bildirilib ki, 2025-ci ildə Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarının ixracında artım qeydə alınıb. Bununla yanaşı, yeyinti məhsullarının idxalı 2025-ci ildə 2024-cü illə müqayisədə 4,7% artıb.
Qeyd olunub ki, ərzaq məhsullarının idxalının artmasına müxtəlif amillər təsir göstərir. Bunlara ölkədə ərzağa tələbatın artması, kənd təsərrüfatı üzrə istehsal resurslarının – torpaq və su ehtiyatlarının məhdudluğu, iqlim dəyişikliklərinin təsiri, kənd təsərrüfatında xırda təsərrüfatların çoxluğu və intensiv təsərrüfatçılığa keçidin sürətli baş verməməsi daxildir. Bunun nəticəsində məhsuldarlıq aşağı qalır və yerli istehsal artan tələbatı tam ödəyə bilmir. Həmçinin yerli məhsulların istehsal xərclərinin idxal məhsulları ilə müqayisədə daha yüksək olması da idxalın artmasına səbəb olan əsas amillərdən biri hesab olunur.
Hesabatda qeyd edilib ki, 2022–2025-ci illərdə idxalda artım əsasən diri heyvanlar və heyvandarlıq məhsulları üzrə baş verib. Belə ki, 2025-ci ildə 2022-ci illə müqayisədə dəyər ifadəsində diri iribuynuzlu heyvanların idxalı 3,7 dəfə, diri qoyunların idxalı 2,1 dəfə, iribuynuzlu və xırdabuynuzlu heyvan əti 2,8 dəfə, kərə yağı isə 1,6 dəfə artıb. 2025-ci ildə kənd təsərrüfatı və ərzaq məhsullarının idxalında bu məhsulların payı 11,4% təşkil edib.
Eyni dövrdə kənd təsərrüfatı və emal məhsullarının ixracı 33,6% artaraq 1 milyard 524 milyon ABŞ dollarına çatıb. Meyvə ixracı isə 47,9% artaraq 663,5 milyon dollar təşkil edib.
2024-cü ilin statistik məlumatlarına əsasən ölkədə bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi də açıqlanıb. Belə ki, dənli bitkilər üzrə 68,4%, buğda üzrə 56,1%, kartof üzrə 88,8%, tərəvəzlər üzrə 105,8%, bostan məhsulları üzrə 101,7%, meyvə və giləmeyvə üzrə 128,5%, bütün növ ət və ət məhsulları üzrə 83,4%, süd və süd məhsulları üzrə 83,9%, yumurta üzrə isə 103,7% təşkil edib.
Heyvandarlıq məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə dövlət dəstəyi tədbirləri də davam etdirilir. Belə ki, 2024-cü ildə ümumi subsidiya və güzəştlərin 5,9%-i və ya 27,7 milyon manatı heyvandarlıq sahəsinə yönəldilib. 2025-ci ildə isə süni mayalanma yolu ilə doğulan 98,5 min baş buzova görə 46,3 min heyvan sahibinə 9,85 milyon manat subsidiya ödənilib. Bundan əlavə, 1964 kümçüyə təhvil verdikləri 179,24 ton yaş baramaya görə 1,07 milyon manat vəsait ayrılıb.
Hesabatda vurğulanıb ki, heyvandarlıq və quşçuluq sahəsində xərclərin artması, xüsusilə yem qiymətlərinin bahalaşması yerli məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur. Məsələn, iri heyvandarlıq və sənaye quşçuluğunun əsas yem komponentlərindən olan soya paxlalılarının idxal qiyməti 2024-cü ildə 2020-ci illə müqayisədə 18,5%, soya şrotunun qiyməti isə 28,3% artıb.
Qeyd olunub ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması dövlətin sosial-iqtisadi siyasətinin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə kənd təsərrüfatı istehsalçılarına maliyyə dəstəyi davam etdirilir. 2025-ci ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 512,4 milyon manat, 2026-cı ildə isə 512,7 milyon manat vəsait nəzərdə tutulub.
Bununla yanaşı, aqrar sahədə kadr potensialının gücləndirilməsi istiqamətində də tədbirlər görülür. 2025-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə işə qəbul olunan əməkdaşlar arasında xaricdə təhsil almış mütəxəssislər üstünlük təşkil edib. Nazirlik və “Yüksəliş” İctimai Birliyi tərəfindən keçirilən “ÜFÜQ” müsabiqəsində isə 30 nəfər qalib seçilərək mentorluq proqramına cəlb olunub.