Monetar şərait iqtisadi artımın dəstəklənməsi ilə makroiqtisadi sabitliyin qorunması arasında optimal balansın saxlanmasına xidmət etməkdədir.
Ötən iclasdan bəri pul bazarının müxtəlif seqmentləri üzrə nominal və real faizlərdə cüzi azalma müşahidə edilmişdir.
Əsasən vahid xəzinə hesabı qalığının artması ilə bağlı pul bazasının ilin əvvəlindən dəyişimi neqativ zonada qalmaqdadır. Bu şəraitdə iqtisadiyyatın likvidliyinin dəstəklənməsi məqsədilə sterilizasiya əməliyyatlarının həcmi azaldılmışdır.
Kredit aktivliyinin tədrici bərpası davam edir. I rübdə bank sistemi üzrə kredit portfeli 1.4%, o cümlədən biznes kreditləri 1%, ipoteka kreditləri 4.4%, istehlak kreditləri 0.5% artmışdır. Makroprudensial yumşalmaların bir çoxunun iyul ayının 1-dək uzadılması kredit aktivliyinə əlavə dəstək verməkdədir. Valyuta bazarında sabitlik şəraitində həm depozit, həm də kreditlər üzrə dollarlaşmanın azalması davam edir. Bu da milli valyutaya inamın artdığını göstərir.