İcbari Sığorta Bürosu (İSB) yenilənmiş internet səhifəsini istifadəyə verib.
İSB vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib. Bu çərçivədə İSB-nin rəsmi internet səhifəsi — www.isb.az təkmilləşdirilmiş formada və yeni dizaynda istifadəyə verilib.
Saytın yenilənməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, eləcə də informasiya əlçatanlığının artırılmasıdır. Yenilənmiş veb səhifə müasir dizayn və təkmilləşdirilmiş struktur əsasında hazırlanıb, istifadəsini asanlaşdıran yeni texniki imkanlarla zənginləşdirilib.
Saytda naviqasiya sistemi daha sadə formaya salınıb, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib.
Yeni versiyada vətəndaşlar, sığorta şirkətləri və digər maraqlı tərəflər üçün vacib məlumatlar sistemləşdirilib. İcbari sığorta növləri, sığorta hadisəsi zamanı atılacaq addımlar və prosedur qaydaları, tpl.az platforması, eləcə də Yaşıl Kart sistemi barədə ətraflı məlumatlar təqdim olunur. Bundan əlavə, sığorta növləri üzrə statistik məlumatlar da saytda yerləşdirilib və mütəmadi olaraq yenilənir.
İSB-nin informasiya sistemində “Şəxsi kabinet” bölməsinin dizaynı yenilənib və funksionallığı daha da artırılıb. Saytda 4 yeni elektron xidmət istifadəyə verilib. İstifadəçilər bonus-malus əmsalı, sığorta tarixçəsi, radar cərimələri, sığorta hadisəsi üzrə müstəqil ekspertin təyin olunması və digər məsələlərlə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər.
Sığorta müqavilələrinin yoxlanılması üçün istifadə olunan yoxla.isb.az, services.isb.az və greencard.isb.az linkləri yeni saytın strukturuna uyğunlaşdırılıb. Artıq bu linklər vasitəsilə istifadəçilər sığorta müqavilələrinin statusunu yenilənmiş interfeys üzərindən rahat şəkildə yoxlaya bilirlər.
Əlilliyi olan şəxslərin internet resurslarından istifadəsini təmin etmək məqsədilə sayta “Müyəssərlik menyüsü” də əlavə edilib. Bu menyü vasitəsilə şrift ölçüsünün tənzimlənməsi, kontrast rejimlərinin tətbiqi, məzmunun böyüdülməsi, klaviatura ilə naviqasiya və animasiyalı elementlərin deaktiv edilməsi mümkündür.
Qeyd edilib ki, İSB-nin fəaliyyəti, sığorta sektorunda baş verən yeniliklər və nailiyyətlər, qanunvericilikdə dəyişikliklər, maarifləndirici tədbirlər, tez-tez verilən suallar və digər aktual məlumatlar sayt vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırılacaq.