Dünyanın aparıcı kompüter komponentləri istehsalçılarından biri olan “Intel Corp” yeni iş yerlərinin ixtisarını həyata keçirməyi planlaşdırır.
BBN.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Şirkətdən bildirilib ki, yeni ixtisarlar “Intel”in məlumat mərkəzi bölməsinə təsir göstərəcək.
“Şirkəti daha diqqətli və səmərəli etmək strategiyamıza uyğun olaraq, məlumat mərkəzi bölməsi təşkilati strukturunu biznes məqsədləri ilə uyğunlaşdıracaq. İxtisarlardan təsirlənən bütün işçilərə hörmətlə yanaşacaq və bu keçid dövründə onları dəstəkləmək üçün resurslarla təmin edəcəyik”, – deyə şirkətdən bildirilib.
Qeyd edək ki, “Intel” daha əvvəl süni intellekt və qabaqcıl çip istehsalı sahəsində rəqabət qabiliyyətini bərpa etmək məqsədilə əməliyyatlarını sadələşdirməyə çalışdığını açıqlayıb.
Şirkət 23 iyulda ABŞ bazarlarının bağlanmasından sonra 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayacaq.
Məlumata görə, 2026-cı ilin əvvəlindən etibarən “Intel”in bazar kapitallaşması 2,6 dəfə artıb.