İranın neft naziri Möhsün Paknejad ABŞ-ın ölkəyə qarşı tətbiq etdiyi “dəniz blokadası”na baxmayaraq, neft satışlarının və müştərilərə tədarükün davam etdiyini bildirib.
BBN.az xəbər verir ki, Paknejad neft ixracının davam edib-etmədiyi ilə bağlı suala cavabında satış və tədarük proseslərinin həyata keçirildiyini qeyd edib. Bununla belə, nazir ixracın həcmi, neftin hansı marşrutlarla daşındığı və alıcıların kimliyi barədə məlumat verməyib.
Paknejad bu məlumatların açıqlanmasının İranın rəqibləri tərəfindən istifadə oluna biləcəyini bildirib.
Nazir ABŞ-ın tətbiq etdiyi blokadanın İranın neft satışlarına təsir etdiyini və ixracın azaldığını da etiraf edib. Buna baxmayaraq, onun sözlərinə görə, neft tədarükü tamamilə dayandırılmayıb.
“Əməliyyatların davam etdirilməsi üçün lazımi tədbirləri görmək məqsədilə vəziyyəti yaxından izləməyə davam edəcəyik”, – deyə Paknejad bildirib.
Qeyd edək ki, neft nazirinin açıqlaması İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemmatinin bir neçə gün əvvəl verdiyi bəyanatla ziddiyyət təşkil edir. Belə ki, Hemmati avqustun 20-də İranın neft ixracının tamamilə dayandırıldığını açıqlamışdı.