ABŞ-da işsizlik müavinəti üçün müraciətlər azalıb.
BBN.az xəbər verir ki, ABŞ-da işsizlik müavinəti almaq üçün ilk dəfə müraciət edənlərin sayı ötən həftə azalıb.
ABŞ Əmək Nazirliyinin açıqladığı məlumatlara görə, avqustun 22-də başa çatan həftə ərzində ilkin işsizlik müavinəti müraciətlərinin sayı əvvəlki həftə ilə müqayisədə 4 min azalaraq 203 min təşkil edib.
Analitiklərin proqnozu isə müraciətlərin 208 min olacağı istiqamətində idi. Beləliklə, faktiki göstərici bazar gözləntilərindən daha aşağı olub.
Bundan əvvəlki həftənin göstəricisi də yenilənib. İlkin olaraq 206 min açıqlanan müraciətlərin sayı sonradan 207 min olaraq müəyyənləşdirilib.
Eyni zamanda, əmək bazarının daha sabit göstəricisi hesab olunan 4 həftəlik orta ilkin işsizlik müavinəti müraciətləri 1 250 nəfər artaraq 205 min 500-ə yüksəlib.
Məlumatlar ABŞ əmək bazarında işsizliklə bağlı təzyiqin hələlik nisbətən aşağı səviyyədə qaldığını göstərir.