Valyuta mübadiləsi zamanı vətəndaşlar tez-tez eyni problemlə üzləşirlər: banklar ya köhnə seriyalı dolları qəbul etmir, ya da zədəli əskinasların dəyişdirilməsi zamanı onları nominal dəyərindən aşağı qiymətləndirirlər. Bu isə xüsusilə xarici valyuta saxlayan şəxslərdə narahatlıq yaradır.
“vergiler.az” mövzunun aktuallığını nəzərə alaraq məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət edib. Qurum yararsız pul nişanlarının dəyişdirilməsi, ekspertiza prosesi və bankların öhdəlikləri barədə ətraflı məlumat verib.
AMB-dən bildirilib ki, yararsız hala düşmüş milli valyutanın dəyişdirilməsi üçün vətəndaşlar “Kapital Bank” ASC və “ABB” ASC kimi operator banklara, AMB-nin regional idarələrinə, eləcə də digər kommersiya banklarına müraciət edə bilərlər. Mərkəzi Bank və operator banklar bu xidməti ödənişsiz həyata keçirir.
Xarici valyutada olan zədəli və ya köhnə əskinasların dəyişdirilməsi isə kommersiya banklarının daxili siyasətinə uyğun tənzimlənir. AMB qeyd edib ki, kommersiya bankları üçün belə əskinasların qəbul edilməsi məcburi tələb deyil. Bu səbəbdən bəzi banklar 2009-cu ildən əvvəlki seriyaya aid ABŞ dollarlarını qəbul etməyə və ya dəyişdirməyə bilər.
Qurumun açıqlamasına görə, pul nişanının həqiqiliyinə şübhə yarandıqda bank onu ekspertiza üçün AMB-yə və ya emitent banka göndərə bilər. Ekspertiza prosesi AMB-də 15 iş günü müddətində aparılır. Əgər pulun saxta olması ilə bağlı əlamətlər aşkarlanarsa, məlumat hüquq-mühafizə orqanlarına təqdim olunur.
AMB həmçinin bildirib ki, xaricə səfər edən vətəndaşlar ehtiyac duyduqları xarici valyutanı yalnız lisenziyalı banklar, poçt operatorları və xüsusi icazəsi olan maliyyə qurumları vasitəsilə əldə etməlidirlər.