Qlobal kriptovalyuta bazarında əsas rəqəmsal aktivlərin qiymətləri son sutkada əsasən aşağı düşüb.
BBN.az xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,78% azalaraq 2,22 trilyon ABŞ dollarına enib. “CoinMarketCap 20” (CMC20) indeksi də 0,83% geriləyərək 132,72 bənd təşkil edib.
Bazar dəyərinə görə lider olan “Bitcoin”in qiyməti son 24 saat ərzində 0,46% azalaraq 65 291,13 dollara düşüb. İkinci ən böyük kriptovalyuta “Ethereum” isə 2,40% ucuzlaşaraq 1 875,25 dollar səviyyəsində qərarlaşıb. BNB-nin qiyməti də 0,37% azalaraq 567,63 dollar olub.
Qızıla bağlı rəqəmsal aktivlər də gün ərzində dəyər itirib. “Tether Gold” (XAUt) 2,25% ucuzlaşaraq 4 025,35 dollara, “PAX Gold” (PAXG) isə 2,29% geriləyərək 4 022,34 dollara düşüb.
İlk onluqda yalnız “Monero” (XMR) müsbət dinamika nümayiş etdirib. Onun qiyməti son sutkada 0,89% artıb. “Zcash” 0,79%, “Bitcoin Cash” 3,18%, “Bittensor” isə 1,42% ucuzlaşıb.
Bazar iştirakçıları riskli aktivlər üzrə mənfəət realizasiyasını davam etdirirlər. Bununla yanaşı, ABŞ-İran münasibətlərində gərginliyin yenidən gündəmə gəlməsi investorların daha təhlükəsiz aktivlərə yönəlməsini sürətləndirir. Nəticədə kriptovalyuta bazarında satış təzyiqi güclənir.
“CoinMarketCap”in “Fear & Greed” indeksinin 37 bəndə enməsi də bazarda qorxu əhval-ruhiyyəsinin üstünlük təşkil etdiyini göstərir.