Dünyanın aparıcı fond bazarlarında əsas indekslər ticarət sessiyasını enişlə başa vurub.
BBN.az xəbər verir ki, ABŞ fond bazarında “Dow Jones” indeksi 506,93 bənd və ya 0,97% azalaraq 51 711,65 bəndə, “S&P 500” indeksi isə 90,66 bənd və ya 1,21% geriləyərək 7 408,30 bəndə düşüb.
Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi 553,21 bənd və ya 2,15% azalaraq 25 137,69 bənd təşkil edib. “NYSE Composite” 0,19%, Kanadanın “S&P/TSX Composite” indeksi isə 0,82% ucuzlaşıb.
Avropa fond bazarlarında da mənfi dinamika qeydə alınıb. “Euro Stoxx 50” indeksi 1,69%, Almaniyanın “DAX” indeksi 1,56%, Fransanın “CAC 40” indeksi 1,64%, İspaniyanın “IBEX 35” indeksi 1,55%, Böyük Britaniyanın FTSE 100 indeksi isə 0,73% geriləyib.
Asiya-Sakit okean regionunda ən böyük eniş Yaponiyanın “Nikkei 225” indeksində müşahidə olunub. İndeks 3,13% azalaraq 64 340,80 bəndə düşüb. TOPIX indeksi 1,34%, Honq Konqun “Hang Seng” indeksi 1,27%, Çinin CSI 300 indeksi 1,17%, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,86% ucuzlaşıb. “MSCI AC Asia Pacific” indeksi isə 0,89% yüksəlib.
Qlobal fond bazarlarında satışlara ABŞ ilə İran arasında artan hərbi gərginlik və bunun enerji təchizatına mümkün təsirləri ilə bağlı narahatlıqlar səbəb olub. Neft qiymətlərinin yüksəlməsi inflyasiyanın yenidən sürətlənə biləcəyi və mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlaya biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.
ABŞ bazarlarında enişin dərinləşməsinə iri texnologiya şirkətlərinin maliyyə nəticələri də təsir göstərib. “Alphabet” və “Tesla” şirkətlərinin səhmləri süni intellekt layihələrinə yönəldilən yüksək xərclər və sərbəst pul axını ilə bağlı narahatlıqlar fonunda ucuzlaşıb.
Beləliklə, artan geosiyasi risklər və texnologiya sektorunda müşahidə olunan satışlar investorların riskli aktivlərdən çıxışını sürətləndirib.