Milli Məclis icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi müddətinin 1 il uzadılmasını qəbul edib.
Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Dəyişiklik layihəsinə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə edildikdə sığortaolunan şəxs müştərək maliyyələşmə məbləğini ödəməlidir.
Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.