Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kraudfandinq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
7 fəsil və 23 maddədən ibarət olan qanun layihəsi Azərbaycanda səhm və borc əsaslı kraudfandinq fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorlarının fəaliyyətinə dair tələbləri, eləcə də dövlət tənzimlənməsi və nəzarəti mexanizmlərini müəyyən edir.
Layihənin əsas məqsədi startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün alternativ maliyyələşmə imkanlarını genişləndirmək, investorların hüquqlarının müdafiəsini təmin etmək və kapital bazarlarının imkanlarından daha səmərəli istifadəni təşviq etməkdir.
Qanun layihəsinə əsasən, kraudfandinq platformaları yalnız Mərkəzi Bankın reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcək. Operatorlar məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılmalı, müəyyən kapital və idarəetmə tələblərinə cavab verməlidirlər.
Sənəddə maraqlar toqquşmasının qarşısının alınması, investorların qorunması, platformaların texniki və təhlükəsizlik standartları, eləcə də layihə sahibləri və investorlar üçün müxtəlif məhdudiyyətlər nəzərdə tutulub.
Layihəyə görə, səhm əsaslı kraudfandinq üzrə yalnız səhmdar cəmiyyətləri çıxış edə biləcək, borc əsaslı kraudfandinq isə istiqraz buraxılışı vasitəsilə həyata keçiriləcək. Kraudfandinq kampaniyasının müddəti maksimum 90 gün olacaq.
Mərkəzi Bank həm operatorların reyestrini aparacaq, həm də fərdi investorların bir layihəyə yatıracağı maksimum məbləği və peşəkar investorların iştirak payı ilə bağlı tələbləri müəyyən edəcək.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, rəsmi dərcindən 6 ay sonra qüvvəyə minəcək.