Azərbaycanda aparıcı ödəniş təşkilatlarından biri olan “Modenis” MMC-nin fəaliyyətində mühüm dəyişiklik baş verir. Belə ki, fintex sektorunda xidmət keyfiyyətinin artırılması və innovativ həllərin genişləndirilməsi məqsədilə “Modenis” (eManat) “MPAY” MMC-yə qoşulur. Qoşulma nəticəsində şirkətin bütün hüquq və öhdəlikləri “MPAY” MMC-yə ötürülür.
Məlumata görə, bu dəyişiklik müştərilərə təqdim olunan xidmət və məhsullara təsir etməyəcək. İstifadəçilər əvvəlki qaydada bütün ödəniş və maliyyə xidmətlərindən fasiləsiz şəkildə yararlanmağa davam edəcəklər.
Bununla yanaşı, ölkə üzrə minlərlə özünəxidmət nağd ödəniş terminalını əhatə edən “eManat” brendi fəaliyyətini eyni ad altında davam etdirəcək. Terminallar vasitəsilə göstərilən xidmətlərdə və istifadəçi interfeysində hər hansı dəyişiklik nəzərdə tutulmur.
Qeyd olunur ki, bu addım “MPAY”in rəqəmsal ödəniş ekosistemini daha da gücləndirəcək. Bunun nəticəsində həm terminallar vasitəsilə həyata keçirilən nağd, həm də mobil tətbiq üzərindən reallaşdırılan nağdsız ödənişlər vahid sistem üzərindən daha sürətli və səmərəli şəkildə icra olunacaq.
Xatırladaq ki, “MPAY” Azərbaycan Mərkəzi Bankının 11 iyul 2024-cü il tarixli EPT-006 nömrəli lisenziyası əsasında fəaliyyət göstərən rəqəmsal ödəniş platformasıdır. Platforma 550-dən çox xidməti vahid məkanda birləşdirərək istifadəçilərə mobil rabitə, kommunal xidmətlər, kredit, təhsil və digər ödənişləri operativ və rahat şəkildə həyata keçirmək imkanı təqdim edir.