Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, payın yüklü edilməsi, eləcə də təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi vəfat etdikdə mirasın qorunması məqsədilə notariat orqanı tərəfindən əmlak idarəçisinin təyin olunması ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.
Dəyişiklik notariat əməliyyatları üzrə məlumat mübadiləsinin operativliyinin artırılmasına, dövlət qeydiyyatı prosesinin daha səmərəli təşkilinə və aidiyyəti dövlət qurumları arasında elektron inteqrasiyanın gücləndirilməsinə xidmət edir.