Azərbaycanda Netflix, Zoom, ChatGPT və digər xarici rəqəmsal platformaların xidmətlərinə görə ƏDV-nin tutulması qaydasında dəyişiklik edilib. Yeni qaydalara əsasən, vergi artıq banklar tərəfindən deyil, Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş rəqəmsal platformaların özləri tərəfindən hesablanaraq ödəniləcək.
BBN.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili açıqlama verib.
Deputatın sözlərinə görə, yeni mexanizm istifadəçilərin platformalara görə ödədiyi ümumi məbləğin azalmasına səbəb ola bilər.
Onun sözlərinə görə, Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş rəqəmsal platformalara edilən ödənişlər zamanı banklar istifadəçidən əlavə ƏDV tutmayacaq. Əvvəllər bank tərəfindən istifadəçinin hesabından tutulan ƏDV məbləğini bundan sonra həmin rəqəmsal platformalar özləri ödəyəcəklər.
Beləliklə, verginin ödənilməsi ilə bağlı məsuliyyət banklardan rəqəmsal xidmət təqdim edən platformalara keçəcək.