Milli Mətbuat Günü münasibətilə “Rabitəbank” ASC media nümayəndələri üçün xüsusi görüş təşkil edib. Görüşdə Azərbaycan mediasının aparıcı nümayəndələri ilə yanaşı, *BBN.az* da iştirak edib.
Tədbirin əsas məqsədi media nümayəndələri ilə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, həmçinin Bankın strateji inkişaf istiqamətləri, rəqəmsal transformasiya prosesi, innovativ məhsulları və gələcək hədəfləri barədə ətraflı məlumat vermək olub.
Görüşdə çıxış edən “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov Bankın strateji inkişaf planı, gələcəyə baxışı, missiyası və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritet istiqamətlər barədə məlumat verib. O, media ilə açıq və şəffaf kommunikasiyanın Bank üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, peşəkar jurnalistikanın cəmiyyətin obyektiv və operativ məlumatlandırılmasındakı rolunu yüksək qiymətləndirib.
Daha sonra “Rabitəbank” ASC İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin Bankın satış strategiyası, inkişaf prioritetləri, məhsul portfeli və müxtəlif iqtisadi sektorlar üzrə yanaşmaları haqqında təqdimatla çıxış edib.
Tədbir çərçivəsində Bankın Marketinq departamentinin direktoru Şəmi Əliyev “Rabitəbank”ın marketinq yanaşması, brend strategiyası və müştəri təcrübəsinin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. O qeyd edib ki, müasir marketinq yalnız məhsul və xidmətlərin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda müştərilərlə uzunmüddətli etimad münasibətlərinin qurulmasını, innovativ həllərin əlçatan edilməsini və güclü kommunikasiya mühitinin formalaşdırılmasını nəzərdə tutur.
Rəqəmsal transformasiya istiqamətində həyata keçirilən layihələr barədə isə Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru Nihad Tağızadə təqdimat edib. Təqdimat zamanı Bankın rəqəmsallaşma strategiyası, “Kartmane Junior” tətbiqi, “Kartmane Junior” kartı, “Gamer Kart”, “İnvest” modulu və digər innovativ məhsullar barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində media nümayəndələri “Rabitəbank”ın Baş Ofisi ilə yaxından tanış olub, müxtəlif struktur bölmələrin fəaliyyəti, iş prinsipləri və müasir iş mühiti barədə məlumat əldə ediblər. Görüş interaktiv müzakirələrlə davam edib, media nümayəndələrinin sualları cavablandırılıb və Bankın rəhbər heyəti ilə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Rabitəbank” ASC 1993-cü ildən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manat təşkil edir. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir.
Hazırda “Rabitəbank” ASC Bakı şəhəri və ölkənin 19 regionunda ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi vasitəsilə müştərilərinə geniş spektrli bank xidmətləri təqdim edir.