Azərbaycanda debitor borclarla bağlı məsələyə konseptual və kompleks yanaşmanın tətbiqi vacibdir.
Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2025-ci ildə iri infrastruktur layihələri çərçivəsində qanunvericiliyin tələblərinə uyğun bağlanılmış yeni müqavilələr üzrə avans ödənişləri həyata keçirilib.
S.Babayev qeyd edib ki, hesabat ili ərzində əvvəlki illərdən qalan 1 milyard 797 milyon manat həcmində debitor borclar bağlanılıb. Bununla yanaşı, dövlət qurumlarının avans qalıqları təhlil edilib və əldə olunan nəticələr əsasında Nazirlər Kabineti 120 təşkilata müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
Nazir bildirib ki, 2025-ci ildə istifadə olunmamış investisiya xərclərinin əsas hissəsini – 334 milyon manatını xarici kreditor təşkilatlarla birgə maliyyələşdirilən layihələr üzrə kreditlər təşkil edib.
Onun sözlərinə görə, bu layihələrin proqnozlaşdırılması zamanı hazırlıq işləri, danışıqlar prosesinin davam etməsi, bəzi kredit sazişlərinin imzalanmasının vaxt aparması, eləcə də zərurət yarandıqda operativliyin təmin olunması məqsədilə optimist ssenarilər nəzərə alınır. Layihələrin icrası isə faktiki cəlb edilən maliyyə vəsaitlərinə uyğun şəkildə həyata keçirilir.
Sahil Babayev əlavə edib ki, hesabat ilində Nazirlər Kabineti **”Dövlət İnvestisiya Proqramına daxil edilən investisiya layihələrinin icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi Qaydaları”**nı təsdiqləyib.
Nazirin sözlərinə görə, yeni qaydalar investisiya layihələrinin icra qrafiklərinə uyğun həyata keçirilməsinin yoxlanılması, onların tam və vaxtında başa çatdırılmasının təmin edilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılmasını nəzərdə tutur.