“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” (ABDF) ASC-nin emitentin uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəldib.
Reytinq üzrə proqnoz “Sabit” olaraq müəyyən edilib. Fondun qısamüddətli kredit reytinqi isə “B” səviyyəsində təsdiqlənib.
Agentliyin qərarı ABDF-nin kredit portfelinin sağlamlaşdırılması və risk profilinin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə əlaqələndirilir.
Məlumata görə, 2024-cü ilin sonunda ABDF-nin tərkibinə daxil olan Sahibkarlığın İnkişafı Fondu (EDF) 2016-2020-ci illərdə lisenziyaları ləğv edilmiş kredit-maliyyə institutlarının 192 milyon manat (112,9 milyon ABŞ dolları) məbləğində problemli kreditlərini (Stage 3) silib. Nəticədə 2025-ci ilin ortalarına qədər fondun portfelində bu kreditlərin payı 2023-cü ilin sonundakı 24%-dən 1,4%-ə, yəni 9,7 milyon manata qədər azalıb.
“S&P Global Ratings” xatırladır ki, ABDF İqtisadiyyat Nazirliyinin himayəsi altında Sahibkarlığın İnkişafı Fondu (EDF) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AIC) birləşdirilməsi nəticəsində yaradılıb. Hazırda hər iki strukturun əməliyyat inteqrasiyası və Direktorlar Şurasının formalaşdırılması prosesi davam edir.
Agentliyin “Sabit” proqnozu növbəti 12 ay ərzində ABDF-nin inteqrasiya prosesini uğurla başa çatdıracağı, yüksək kapitallaşma səviyyəsini və riskə orta dərəcəli meylliliyini qoruyacağı gözləntisini əks etdirir.
“S&P Global Ratings” qeyd edir ki, inteqrasiya prosesində çətinliklərin yaranması, həmçinin fondun borc yükünün və risk profilinin əhəmiyyətli dərəcədə artması reytinqin aşağı salınmasına səbəb ola bilər.
Bununla yanaşı, agentliyin analitikləri yaxın gələcəkdə ABDF-nin reytinqinin yüksəldilməsi ehtimalını aşağı qiymətləndirirlər.