Türkiyə Cümhuriyyət Mərkəzi Bankı (TCMB) Pul Siyasəti Komitəsinin 22 aprel 2026-cı il tarixli iclasında əsas uçot dərəcəsinin — bir həftəlik repo hərracı faizinin 37% səviyyəsində sabit saxlanılmasına qərar verib. Bank eyni zamanda gecəlik borcvermə faizini 40%, gecəlik borcalma faizini isə 35,5% səviyyəsində dəyişməyib.
TCMB bildirib ki, mart ayında inflyasiyanın əsas meyli zəifləyib, lakin ilkin göstəricilər aprel ayında bu meyildə müəyyən artım ola biləcəyini göstərir. Qurum qeyd edib ki, geosiyasi proseslərlə bağlı qeyri-müəyyənliklər fonunda enerji qiymətlərində yüksək səviyyə və ciddi dəyişkənlik müşahidə olunur, bunun inflyasiya görünüşünə təsiri isə diqqətlə izlənilir.
Mərkəzi Bankın açıqlamasında vurğulanıb ki, iqtisadi fəallıqda yavaşıma siqnalları müşahidə olunur. Bununla yanaşı, son dövrdə baş verən dəyişikliklərin inflyasiya perspektivinə mümkün ikincil təsirləri də önəm daşıyır.
TCMB bəyan edib ki, qiymət sabitliyi təmin olunana qədər sərt monetar siyasət kursu davam etdiriləcək. Qurumun qiymətləndirməsinə görə, bu yanaşma tələbat, məzənnə və inflyasiya gözləntiləri kanalları vasitəsilə dezinflyasiya prosesini gücləndirəcək. Faiz qərarlarının isə inflyasiyanın faktiki gedişi, əsas meyli və gözləntilər nəzərə alınmaqla, iclasbazlı və ehtiyatlı şəkildə veriləcəyi bildirilib.
Açıqlamada o da qeyd olunub ki, inflyasiya görünüşündə aydın və qalıcı pisləşmə yaranarsa, monetar siyasət daha da sərtləşdirilə bilər. Eyni zamanda, kredit və depozit bazarlarında gözlənilməz dəyişikliklər baş verərsə, pul ötürücülük mexanizmi əlavə makroprudensial addımlarla dəstəklənəcək.
TCMB sonda qərarlarını orta müddətdə inflyasiyanı 5% hədəfinə endirəcək pul və maliyyə şərtlərini təmin etmək məqsədilə qəbul edəcəyini açıqlayıb. Pul Siyasəti Komitəsinin iclas xülasəsinin beş iş günü ərzində yayımlanacağı da bildirilib.