Vergi Məcəlləsinin 101.1-1.1-ci maddəsinə əsasən, aylıq əməkhaqqı 2 500 manatadək olduqda 3 %, 2 500–8 000 manat aralığında olduqda 75 manat + həmin interval üzrə məbləğin 10 %-i, 8 000 manatdan çox olduqda isə 675 manat + artıq hissənin 14 %-i dərəcəsində gəlir vergisi tutulur.
Bununla bağlı yaranan əsas sual isə 200 manatlıq güzəştin tətbiqi ilə əlaqədardır.
BBN.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasına görə, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində muzdlu işdən əldə etdiyi aylıq gəlir 2 500 manatadək olduqda 200 manat məbləğində hissə gəlir vergisindən azaddır. İllik gəlir 30 000 manatadək olduqda isə 2 400 manatlıq hissə vergidən azad edilir.
Bu o deməkdir ki, əməkhaqqı hesablanarkən əvvəlcə 200 manatlıq güzəşt çıxılır, daha sonra qalan məbləğə müvafiq vergi dərəcəsi tətbiq edilir.
Məsələn, əməkhaqqı 1 000 manatdırsa, əvvəlcə 200 manat çıxılır və qalan 800 manata 3 % vergi hesablanır. Yəni vergi birbaşa 1 000 manata deyil, güzəşt tətbiq olunduqdan sonra qalan məbləğə tətbiq edilir.