Yaxın Şərqdə dünyanın ən böyük landşaft bərpası proqramlarından birinin icrası planlaşdırılır.
Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dayanıqlı Ərəb şəhərləri üçün təbiət əsaslı həllər: Yerli fəaliyyətdən şəhər transformasiyası” adlı tədbirdə İslam İnkişaf Bankının (IsDB) Dayanıqlılıq və İqlim Fəaliyyəti Departamentinin İqlim Dəyişikliyi üzrə aparıcı mütəxəssisi Bradley Hiller bildirib.
Onun sözlərinə görə, regionda təbiət əsaslı həllərin dəstəklənməsinə yönəlmiş mühüm təşəbbüslər həyata keçirilir:
“Bunlardan biri 50 milyard ağacın əkilməsini hədəfləyən və regionda geniş qarışıq maliyyələşdirmənin səfərbər olunmasını nəzərdə tutan “Yaxın Şərq Yaşıl Təşəbbüsü”dür. Bu təşəbbüsün dünyanın ən böyük landşaft bərpası proqramlarından biri olması planlaşdırılır”, – deyə o qeyd edib.
B.Hiller bildirib ki, təşəbbüs çərçivəsində dayanıqlı torpaq idarəetməsi, tozla mübarizə və şəhərlər ətrafında ekoloji problemlərin həlli istiqamətində müzakirələr aparıla bilər.
Mütəxəssis həmçinin qeyd edib ki, BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının (UNCCD) COP16 konfransında Ər-Riyad Qlobal Quraqlığa Davamlılıq Tərəfdaşlığı dünyanın aparıcı quraqlıq təşəbbüsü elan olunub.
Onun sözlərinə görə, bu təşəbbüs dünyanın quraqlığa qarşı ən həssas 74 ölkəsini dəstəkləməyi hədəfləyir və həmin ölkələrin əksəriyyəti ərəb regionunda yerləşir.
B.Hiller vurğulayıb ki, tərəfdaşlıq çərçivəsində 150 milyon ABŞ dollarına qədər qrant və güzəştli kredit mexanizmlərinin birləşdirilməsi nəzərdə tutulur.
O əlavə edib ki, təbiət əsaslı həllərin maliyyələşdirilməsi sahəsində müəyyən çətinliklər qalmaqdadır:
“Təbiət əsaslı həllər üçün biznes modeli ənənəvi infrastruktur layihələri qədər formalaşmayıb. Risklərin qiymətləndirilməsi, maliyyələşdirmə və gəlir axınları ilə bağlı müəyyən problemlər mövcuddur. Buna görə də maarifləndirmənin artırılması və uğurlu nümunələrin paylaşılması vacibdir”, – deyə o bildirib.