Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda həmin rayonun sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Sahil Babayev və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli liderimiz Heydər Əliyevin Salyan rayonundakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Vətəndaşlarla görüşdə nazir Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq, sosial sahədə aparılan islahatlar, pensiya və müavinətlərin, təqaüdlərin ciddi şəkildə artırılması, reabilitasiya və sosial xidmət sisteminin müasirləşdirilməsi və genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Sahil Babayev, eyni zamanda, 2020-ci ildə sosial sahədə aparılacaq islahatları qeyd edib, sosial inkişaf sahəsində əldə olunan nailiyyətlərin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.
Qəbul zamanı vətəndaşların sosial təminat növləri üzrə hüququn müəyyən edilməsi, məşğulluğun təminatı, özünüməşğulluq və peşə hazırlığı proqramlarına, bərpa müalicəsinə cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan bir sıra məsələlərin həlli ilə bağlı yerindəcə tədbirlər görülüb. Ayrı-ayrı vətəndaşların aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, sosial xidmətlərlə təmin edilmələri və s. tapşırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı ətraflı izahatlar verilib.
Salyan rayonunda olarkən Sahil Babayev Sevindik Hətəmovla birgə bu rayonda özünüməşğulluq proqramının iştirakçıları ilə görüşüb, proqram çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçiriblər.
Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Salyan rayonunda 1321 nəfər münasib işlə, “İşsizin DOSTu” proqramı çərçivəsində isə rayonda 631 nəfər ödənişli ictimai işlə təmin edilib. Salyanda 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla, 151 nəfər işsiz və işaxtarana özünüməşğulluq proqramı əsasında mal və materiallar formasında aktivlər verilməklə onların kiçik ailə müəssisələri yaradılıb. Onlardan 100-dən çoxu müharibə veteranları, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan və ya çoxuşaqlı ailələrin üzvləridir.
Proqram iştirakçıları aztəminatlı ailələrin sahibkarlığa keçid imkanına malik olmalarında və gəlirlərini artırmalarında dəstək olan özünüməşğulluq proqramının icrasına və bu proqramın ildən-ilə daha da genişləndirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Cəlilabad rayonunda həmin rayonun və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Biləsuvar rayonunda Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul ediblər.