
Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə əsasən, ölkəyə idxal edilən mobil telefonlar aksiz vergisinə cəlb olunacaq.
Vergi Məcəlləsinə edilən dəyişikliklə ölkəyə gətirilən hər bir mobil cihaz üçün 20 manat aksiz vergisi tətbiq ediləcək. Lakin fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.
Eyni zamanda, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikə əsasən, fiziki şəxslər tərəfindən təqvim ili ərzində bazar qiymətindən asılı olmayaraq ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu tutulacaq.
Hər il üçün mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.





