Home » 2019-cu il üzrə Azərbaycan Respublikasının TƏDİYƏ BALANSI

2019-cu il üzrə Azərbaycan Respublikasının TƏDİYƏ BALANSI

by bbnadm
0 rəy 4 baxış 11 dəqiqə oxuma

Ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. biz Tədiyə Balansı vasitəsi ilə izləyə bilərik. Belə ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur. Tədiyə balansı və onun metodoloji tərtibatı haqqında daha dolğun və ətraflı məlumatı linkdən əldə edə bilərsiniz. Həmçinin tədiyə balansı ilə bağlı animasiya ilə də tanış ola bilərsiniz.

2019-cu ildə tədiyə balansı1 neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 4.4 mlrd.$, kapitalın və maliyyənin hərəkəti balansında isə 0.1 mlrd.$ profisit ehtiyat aktivlərinin 5.1 mlrd.$ artmasına şərait yaratmışdır.

2019-cu il üzrə tədiyə balansının əsas göstəriciləri

Cari əməliyyatlar hesabı

2019-cu il üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilə nəzərən 27.9% azalaraq 4.4 mlrd.$ təşkil etmişdir. Neft-qaz sektoru üzrə profisit ötən ilə nəzərən 10.7% (1.4 mlrd.$) azalaraq 11.5 mlrd.$, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 4.5% (308 mln.$) artaraq 7.1 mlrd.$ məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyrineft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşmışdır.

Xarici ticarət balansı

2019-cu il üzrə xarici ticarət dövriyyəsi 31.2 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 16.1 mlrd.$ həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 7.6 mlrd.$-lıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 8.5 mlrd.$-lıq (13.3% azalma) profisit yaranmışdır. 2019-cu ildə Azərbaycanın dünyanın 184 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı

Hesabat dövründə əmtəə ixracı 19.9 mlrd.$ (4.5% azalma) təşkil etmişdir.

Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 6% azalaraq 18 mlrd.$ olmuşdur (bu əsasən dünya bazarlarında xam neft qiymətinin 8% azalaraq orta illik 64 dollar/barel olması ilə əlaqədardır). İxrac olunmuş neft məhsullarının (15.4 mlrd.$) 0.6 mlrd.$-ı neft emalı məhsullarının, 14.8 mlrd.$-ı isə xam neftin ixracının payına düşür.

2019-cu ildə qeyri-neft ixracı 14.4% artaraq 1.9 mlrd.$ olmuşdur.

Əmtəə idxalı

2019-cu ildə əmtəə idxalı ötən ilə nəzərən 3.5% artaraq 11.3 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 5.3 mlrd.$ olmuş, bunun da 1.7 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 2.7% artaraq 9.5 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (34.1%), şəkərin (31.3%), dəmiryol nəqliyyat vasitələrinin (38.6%), dənli bitkilərin (55.8%), kağız məmulatlarının (21.4%), tərəvəz məhsullarının (24.2%), daş və şüşə məmulatları (3.8%) və kimya məhsullarının (28%) idxalı artmış, tütün və tütün məhsullarının (29.3%), alkoqollu və alkoqolsuz içkilərin (19.5%), mebel məhsullarının (2.7%), metallar (14.1%) və ağac məmulatlarının (4.1%) idxalı isə azalmışdır.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8% təşkil edərək 849 mln.$ olmuşdur.

Xidmətlər balansı

2019-cu il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 10.2 mlrd.$ təşkil etmişdir. Bunun 6.4 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 3.8 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 26.8% artaraq 2.6 mlrd.$ olmuşdur.

Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.8 mlrd.$ olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 776.7 mln.$ olmuşdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 25.3%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2.6 mlrd.$ olan nəqliyyat xidmətlərinin 43.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1.1 mlrd.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.5 mlrd.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilə nəzərən 11.8%, idxalı isə 4.1% azalmışdır. Nəticədə bu maddə üzrə 2018-ci ildə olan 297.1 mln.$ olan kəsir 2019-cu ildə 18% artaraq 350.5 mln.$ təşkil etmişdir.

2019-cu il üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 28.6% azalaraq 3.5 mlrd.$ təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (1.8 mlrd.$) idxalı (1.7 mlrd.$) üstələməsi nəticəsində 89 mln.$ həcmində profisit yaranmışdır. 2019-cu il ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 13.4%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 11.3% artmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1.7 mlrd.$ məbləğində olmuşdur. Bunun 90.2%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 41.8% azalaraq 31.6 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyrirezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 19.4% artaraq 954.1 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə neft-qaz sektoru üzrə 2.8 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 744.5 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 16.2% azalaraq 2.1 mlrd.$ təşkil etmişdir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5.2 mlrd.$ olmuşdur. Bunun 69.8%-i (3.6 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (2.5 mlrd.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyrirezidentlərə ödənilən faizlər (356.2 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (474.7 mln.$) və digər ödənişlər (314.4 mln.$) təşkil edir.

Təkrar gəlirlər balansı

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1.5 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 1 mlrd.$, ödənişlər isə 511 mln.$ təşkil etmişdir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91.6%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 4.7%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3.7%-i isə digər daxilolmalar təşkil edir.

Ölkəyə göndərilən pul baratlarının həcmi 13.5% azalaraq 934.3 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 19.3% artaraq 431.1 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 503.1 mln.$ müsbət saldo yaranmışdır.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 508.6 mln.$ (30.5% azalma) təşkil etmişdir.

Maliyyə hesabı

2019-cu il üzrə ölkənin xalis maliyyə aktivləri 1 251.1 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (2 431.7 mln.$), portfel investisiyaları (208.7 mln.$) törəmə maliyyə alətləri (-0.2 mln.$) və digər investisiyalar (-1 389.1 mln.$) hesabına formalaşmışdır.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 385.9 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (1 053.1 mln.$), neft bonusu (450.8 mln.$), portfel investisiyaları (-180.0 mln.$), törəmə maliyyə alətləri (-4.6 mln.$) və digər investisiyalar (66.6 mln.$) hesabına formalaşmışdır.

2019-cu il üzrə xalis maliyyə aktivləri və öhdəlikləri

Birbaşa investisiyalar

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.3 mlrd.$ olmuşdur.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 78.3 % təşkil etmişdir.

2019-cu ildə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (1 053.1 mln.$) artımı cəlb olunmuş investisiya ilə (4 275.2 mln.$) kapitalın repatriasiyası (3 222.1 mln.$) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 930.1 mln.$ olmuşdur.

Haşiyə 1. Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş investisiyaların həcmi, strukturu, investorlar arasında pay bölgüsü və qoyulmuş sərmayələrin sonradan gəlir və kapital formasında ölkədən çıxarılması (repatriasiya) müvafiq beynəlxalq neft-qaz sazişlərinə və BVF-nun tövsiyələrinə əsasən həyata keçirilməkdədir.

Bağlanmış müqavilələr əsasında gəlirlərin “repatriasiyası” dövr ərzində xarici investorun yatırdığı investisiyadan əldə etdiyi gəlirdir. Qeyd edək ki, bu sazişlərə əsasən müvafiq konsorsiumlarda olan payçılar hesabat dövrü ərzində Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların hamısını hasil edilən və ixrac olunan xam neft şəklində geri götürürlər (kapitalınrepatriasiyası). Bu əməliyyat faktiki olaraq tədiyə balansının maliyyə hesabında ölkənin birbaşa investisiyalar üzrə xarici öhdəliklərinin azalması (mənfi işarə) deməkdir (“-” net incurrence of liabilities).

Portfel investisiyaları

2019-cu ildə portfel investisiyaları üzrə aktivlər 106.4 mln.$ artmış, öhdəliklər isə 495.0 mln.$ azalmışdır.

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən dövlət sektorunun hesabına artmış, öhdəliklər isə dövlət sektorunun hesabına azalmışdır.

Kreditlər və digər investisiyalar

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 11.9 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 546.9 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri dövlət təminatlı kreditlər, bankların kreditləri, neft-qaz sektorunun kreditləri, firmaların və digər müəssisələrin kreditləri hesabına azalmış, birbaşa dövlət kreditləri hesabına isə artmışdır.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 2.2 mlrd.$ azalmış, xalis maliyyə öhdəlikləri isə 66.6 mln.$ artmışdır.

Ehtiyat aktivləri

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 5.1 mlrd.$ məbləğində artmışdır.

Haşiyə 2. Ehtiyat aktivləri – bu maddə Cari əməliyyatlar və Maliyyə hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə/örtülmürsə, onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə/örtülə bilər.

Tədiyə balansının ümumi kəsirini ehtiyat aktivlər maliyyələşdirmirsə (və ya əksinə, profisit ehtiyat aktivlərin artımında əks olunmursa), yaranan fərq balanslaşdırıcı maddələrdə saldo kimi öz əksini tapır

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.