2019-cu ilin 9 ayı üzrə Azərbaycan Respublikasının TƏDİYƏ BALANSI

Ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. biz Tədiyə Balansı vasitəsi ilə izləyə bilərik. Belə ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur. Tədiyə balansı və onun metodoloji tərtibatı haqqında daha dolğun və ətraflı məlumatı linkdən əldə edə bilərsiniz. Həmçinin tədiyə balansı ilə bağlı animasiya ilə də tanış ola bilərsiniz.

2019-cu ilin 9 ayı tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari Əməliyyatlar Balansında yaranmış 4 mlrd.$-lıq profisit ehtiyat aktivlərinin 4.2 mlrd.$ artmasını şərtləndirmişdir.

2019-cu ilin 9 ayı üzrə tədiyə balansının əsas göstəriciləri

Qeyd: Tədiyə balansı hesablamalarında xam neftin faktiki orta qiyməti 64$ (2018-ci ilin 9 ayında 71$) olmuşdur.

Cari əməliyyatlar hesabı

2019-cu ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 21.3% azalaraq 4 mlrd.$ təşkil etmişdir. Neft-qaz sektoru üzrə profisit ö.i.m.d.n. 6.9% (677 mln.$) azalaraq 9.2 mlrd.$, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 8.5% (408 mln.$) artaraq 5.2 mlrd.$ məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisitinin əsas səbəbi xarici ticarət və təkrar gəlirlər balanslarında formalaşan profisitin xidmətlər və ilkin gəlirlər balanslarında yaranmış kəsiri tam örtməsi ilə əlaqədardır.

Xarici ticarət balansı

2019-cu ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 23.1 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 12.4 mlrd.$ həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 5.5 mlrd.$-lıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 6.9 mlrd.$-lıq (ö.i.m.d.n. 6% azalma) profisit yaranmışdır. 2019-cu ilin 9 ayında Azərbaycanın dünyanın 186-dək dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13.6%-i MDB üzvü olan dövlətlərin, 86.4%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 15 mlrd.$ (1.4% azalma) təşkil etmişdir. Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 1.3% azalaraq 13.7 mlrd.$ olmuşdur (bu əsasən dünya bazarlarında xam neft qiymətinin 9% azalması ilə əlaqədardır). Xarici dövlətlərə 11.6 mlrd.$ neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft məhsullarının 436 mln.$-ı neft email məhsullarının, 11.2 mlrd.$-ı isə xam neftin ixracının payına düşür. 2019-cu ilin 9 ayında qeyri-neft ixracı artım dinamikası göstərir. Qeyri-neft ixracı ö.i.m.d.n. 16.5% artaraq 1341 mln.$ olmuşdur.

Əmtəə idxalı. 2019-cu ilin 9 ayında əmtəə idxalı ö.i.m.d.n. 2.9% artaraq 8.1 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.8 mlrd.$ olmuş, bunun da 1.2 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal ö.i.m.d.n. cüzi (1%) artaraq 6.8 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (1.5 dəfə), şəkərin (29.8%), dəmiryol nəqliyyat vasitələrinin (2 dəfə), dənli bitkilərin (49.2%), kağız məmulatlarının (20.4%), tərəvəz məhsullarının (21.1%) və kimya məhsullarının (26.9%) idxalı artmış, tütün və tütün məhsullarının (15%), alkoqollu və alkoqolsuz içkilərin (16.9%), mebel məhsullarının (3.7%), qara metal və ondan hazırlanmış məmulatların (1.8%) və ağac məmulatlarının (5.3%) idxalı isə azalmışdır.

İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8% təşkil edərək 652 mln.$ olmuşdur.

Xidmətlər balansı

2019-cu ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 7.6 mlrd.$ təşkil etmişdir. Bunun 4.7 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2.9 mlrd.$-ı isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir ö.i.m.d.n. 40.6% artaraq 1.8 mlrd.$ olmuşdur.

Neft-qaz sektoru üzrə kəsir 1.3 mlrd.$ olmuşdur (əsasən 762 mln.$ tikinti xidmətləri və 710 mln.$ digər işgüzar xidmətlər). Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri 513.5 mln.$ olmuşdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 24.4%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.8 mlrd.$ olan nəqliyyat xidmətlərinin 44.4%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 816.5 mln.$, qeyrirezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1 mlrd.$ təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 9%, idxalı isə 5.1% azalmışdır. Nəticədə bu maddə üzrə 2018-ci ilin 9 ayında olan 339.4 mln.$ olan kəsir 2019-cu ilin 9 ayında 3.5% artaraq 351.4 mln.$ təşkil etmişdir.

2019-cu ilin 9 ayı üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ö.i.m.d.n. 1.7 dəfə azalaraq 2.7 mlrd.$ təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə ixracın (1.4 mlrd.$) idxalı (1.3 mlrd.$) üstələməsi nəticəsində 80 mln.$ həcmində profisit yaranmışdır. 2019-cu ilin 9 ayı ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ö.i.m.d.n. 18%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10% artmışdır.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1.3 mlrd.$ məbləğində olmuşdur. Bunun 90%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri ö.i.m.d.n. 13% azalaraq 28.1 mln.$ təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyrirezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə ö.i.m.d.n. 31% artaraq 686.6 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə neft-qaz sektoru üzrə 1.8 mlrd.$ kəsir, qeyri-neft sektoru üzrə isə 399.4 mln.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir ö.i.m.d.n. 2.8% azalaraq 1.4 mlrd.$ təşkil etmişdir. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3.4 mlrd.$ olmuşdur. Bunun 71.2%-i (2.4 mlrd.$) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edir. Bu məbləğin isə əsas hissəsini (1446.9 mln.$) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyrirezidentlərə ödənilən faizlər (356.1 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (331.9 mln.$) və digər ödənişlər (292.6 mln.$) təşkil edir. Qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansında 399.4 mln. $-lıq profisitin yaranmasının əsas səbəbi dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır..

Təkrar gəlirlər balansı

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1.1 mlrd.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 761.3 mln.$, ödənişlər isə 366.9 mln.$ təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir. 5 Ölkəyə göndərilən pul baratlarının həcmi 13.7% azalaraq 692.8 mln.$, ölkədən çıxarılan pul baratlarının həcmi isə 18.9% artaraq 311 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 381.8 mln.$ müsbət saldo yaranmışdır. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 394.4 mln.$ (ö.i.m.d.n. 28.4% azalma) təşkil etmişdir..

Maliyyə hesabı

2019-cu ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 590.3 mln.$ artmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (1665.1 mln.$), portfel investisiyaları (299.1 mln.$) və digər investisiyalar (-1373.9 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 250.4 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (304.2 mln.$), neft bonusu (450.8 mln.$), portfel investisiyaları (-199.8 mln.$), törəmə maliyyə alətləri (-3.9 mln.$) və digər investisiyalar (-300.9 mln.$) hesabına formalaşmışdır.

2019-cu ilin 9 ayı üzrə xalis maliyyə aktivləri və öhdəlikləri

Birbaşa investisiyalar

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2.7 mlrd.$ olmuşdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84.2% təşkil etmişdir. 2019-cu ilin 9 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (304.2 mln.$) artımı cəlb olunmuş investisiya ilə (2669.7 mln.$) kapitalın repatriasiyası (2365.5 mln.$) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 421.2 mln.$ olmuşdur.

Haşiyə 1. Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş investisiyaların həcmi, strukturu, investorlar arasında pay bölgüsü və qoyulmuş sərmayələrin sonradan gəlir və kapital formasında ölkədən çıxarılması (repatriasiya) müvafiq beynəlxalq neft-qaz sazişlərinə və BVF-nun tövsiyələrinə əsasən həyata keçirilməkdədir. Bağlanmış müqavilələr əsasında gəlirlərin “repatriasiyası” dövr ərzində xarici investorun yatırdığı investisiyadan əldə etdiyi gəlirdir. Qeyd edək ki, bu sazişlərə əsasən müvafiq konsorsiumlarda olan payçılar hesabat dövrü ərzində Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların hamısını hasil edilən və ixrac olunan xam neft şəklində geri götürürlər (kapitalın repatriasiyası). Bu əməliyyat faktiki olaraq tədiyə balansının maliyyə hesabında ölkənin birbaşa investisiyalar üzrə xarici öhdəliklərinin azalması (mənfi işarə) deməkdir (“-” net incurrence of liabilities).

Portfel investisiyaları

2019-cu ilin 9 ayında Portfel investisiyaları üzrə aktivlər 299.1 mln.$ artmış, öhdəliklər isə 199.8 mln.$ azalmışdır. Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər əsasən dövlət sektorunun və kommersiya bankların hesabına artmış, öhdəliklər isə dövlət sektorunun hesabına azalmışdır..

Kreditlər və digər investisiyalar

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 8.4 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 515.9 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri dövlət təminatlı kreditlər, kommersiya bankların kreditləri, firmaların və digər müəssisələrin kreditləri hesabına azalmış, neft-qaz sektorunun kreditləri və birbaşa dövlət kreditləri hesabına isə artmışdır. 7 Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 2.1 mlrd.$ azalmış, xalis maliyyə öhdəlikləri isə 16 mln.$ artmışdır.

Ehtiyat aktivləri

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 4.2 mlrd.$ məbləğində artmışdır.

Haşiyə 2. Ehtiyat aktivləri – bu maddə Cari əməliyyatlar və Maliyyə hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar hesabı kəsirli/profisitli olduqda, bu kəsir/profisit kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşməlidir/örtülməlidir. Lakin, əgər cari hesabın kəsiri/profisiti tam olaraq kapital və maliyyə hesabının profisiti/kəsiri hesabına maliyyələşmirsə/örtülmürsə, onda bu fərq ehtiyat aktivləri (valyuta ehtiyatları) hesabına maliyyələşə/örtülə bilər. Tədiyə balansının ümumi kəsirini ehtiyat aktivlər maliyyələşdirmirsə (və ya əksinə, profisit ehtiyat aktivlərin artımında əks olunmursa), yaranan fərq balanslaşdırıcı maddələrdə saldo kimi öz əksini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır