“İxrac icmalı” nın yanvar sayına əsasən, 2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb. 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.
2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (202,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (160,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 877,8 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 224,1 milyon ABŞ dolları, Gürcüstana 157,5 milyon ABŞ dolları və Amerika Birləşmiş Ştatlarına isə 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Normallaşma prosesinin davam etdiyi dövrdə dekabr ayı üzrə ixrac 2,4 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 mln ABŞ dolları olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7% artaraq 101,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 93,7% artaraq 252,1 milyon ABŞ dolları təşkil edib.
2021-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (114 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (89,8 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,5 milyon ABŞ dolları) olub.
2021-ci ilin dekabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (34,4 milyon ABŞ dolları) birinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (26,9 milyon ABŞ dolları) ikinci və karbamid (25,1 milyon ABŞ dolları) üçüncü olub.
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-dekabr aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2021-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Baku Steel Company” MMC, “P-Aqro” MMC, “Sun Food” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Çinar Aqro” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azergold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ.
2021-ci ilin yanvar-dekabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 45,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2021-ci ilin dekabr ayında isə “Azərkosmos” ASC dünyanın 28 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-dekabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 11,4 milyon ABŞ dolları ilə Fransa, 10,4 milyon ABŞ dolları ilə ABŞ, 9 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 6,9 milyon ABŞ dolları ilə Malayziya və 1,9 milyon ABŞ dolları ilə BƏƏ qərarlaşıb.
2021-ci il dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 171,7 milyon manat təşkil edib. 2021-ci ilin yanvar-dekabr aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,3 milyard manatlıq əməliyyat aparıblar.
2021-ci ilin yanvar-dekabr aylarında Azexport.az portalına 496,1 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2021-ci ilin dekabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 60,8 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin dekabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq yağı, toyuq əti, buğda kəpəyi, alma, şərab, noxud, xurma, pomidor, kartof, qənnadı məhsulu və s. mallara daxil olub. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 dekabr tarixinə kimi (60 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,7 milyard ABŞ dolları təşkil edib. Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 9 milyon ABŞ dolları olub.