2026 Avropa İttifaqı üçün iqtisadi islahatlarda həlledici il ola bilər.
BBN.az xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda toplaşan Avropa İttifaqı liderləri qlobal nizam üçün artan təhdidlərə – o cümlədən ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təşəbbüslərinə – fokuslansalar da, uzun müddətdir gecikən iqtisadi islahatları arxa plana keçirmək riski ilə üz-üzədirlər.
Reuters-in analitik məqaləsində bildirilir ki, keçmiş Avropa Mərkəzi Bankının prezidenti Mario Draqinin avrozonanın islahatı üçün hazırladığı iddialı yol xəritəsindən artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə real irəliləyiş əldə olunmayıb. Bu vəziyyət Avropa İttifaqı üçün ciddi narahatlıq doğurur.
Məqalədə vurğulanır ki, yaxın dövrdə islahat prosesində kəskin sürətlənmə baş verməzsə, bu təşəbbüslər ümumiyyətlə həyata keçirilməyə bilər. Bu isə Avropa İttifaqının qlobal iqtisadi rəqabətdə ABŞ və Çinlə müqayisədə mövqelərinin daha da zəifləməsinə gətirib çıxara bilər.
Analitiklərin fikrincə, 2026-cı il Aİ üçün həlledici dönüş nöqtəsidir: birlik ya struktur iqtisadi islahatları sürətləndirərək rəqabət qabiliyyətini gücləndirməli, ya da qlobal iqtisadi arenada geriləmə riskini qəbul etməli olacaq.





