
2026-cı ildə də Azərbaycanda qiymət sabitliyinin başlıca lövbəri olan manatın ABŞ dollarına qarşı ikitərəfli məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən ediləcək.
Qeyd olunur ki, Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları üzrə hərracların keçirilməsi davam etdiriləcək. AMB ilə fiskal orqanlar — ARDNF və Maliyyə Nazirliyi arasında effektiv koordinasiya valyuta bazarının tarazlı fəaliyyətinə dəstək verəcək.
2026-cı ildə monetar şəraitin formalaşmasında faiz dəhlizi əsas rol oynayacaq. Pul bazarında qısamüddətli faizlər pul siyasətinin yardımçı əməliyyat hədəfi kimi istifadə olunacaq. Banklararası pul bazarındakı faizlərin AMB-nin faiz dəhlizi daxilində hərəkəti üçün qurum bütün alətlərdən çevik və adekvat şəkildə faydalanacaq.
Daimi imkan alətləri, o cümlədən gecəlik depozit və gecəlik əks-repo əməliyyatları, banklararası pul bazarında faizlərin faiz dəhlizi daxilində formalaşmasını təmin edəcək. Bu alətlər üzrə faiz dərəcələri faiz dəhlizinin aşağı və yuxarı hədlərinə uyğun müəyyənləşəcək.
Açıq bazar əməliyyatları çərçivəsində isə sterilizasiya məqsədli müxtəlif müddətli notlar və 7 günlük hərraclar keçiriləcək. Faiz dərəcələri AMB-nin İdarə Heyətinin qərarları əsasında formalaşacaq. Alətlərin tətbiq qaydaları əvvəlcədən maliyyə bazarı iştirakçılarına bildirilməkdədir.
Bank sisteminin likvidlik mövqeyinə uyğun olaraq açıq bazar əməliyyatlarının istiqaməti (sterilizasiya və ya emissiya) və kəmiyyət parametrləri operativ şəkildə tənzimlənəcək, qərarlar əvvəlcədən bazar iştirakçılarına kommunikasiyada çatdırılacaq.
Növbəti ildə bank sisteminin likvidliyinin müntəzəm monitorinqi və proqnozlaşdırılması davam etdiriləcək. Bu sahədə fiskal orqanlarla informasiya mübadiləsinin gücləndirilməsi planlaşdırılır.
Bundan əlavə, pul siyasəti alətlərinin təkmilləşdirilməsi və pul bazarının inkişafı istiqamətində tədbirlər beynəlxalq maliyyə təşkilatları və bank ictimaiyyəti ilə məsləhətləşmələr çərçivəsində davam etdiriləcək. Bu islahatlar ölkədə maliyyə alətlərinin diversifikasiyasını artıracaq, bazar likvidliyini gücləndirəcək və iqtisadiyyatın dayanıqlı maliyyələşməsini təmin edəcək.




