Home » “4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi keçirilib

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi keçirilib

by anar
0 comment 1 views 2 minutes read

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin başa çatması ilə əlaqədar keçirilən tədbirdə proqram çərçivəsində 1 il ərzində 10 min nəfərin “Coursera” onlayn təhsil platformasında dördüncü sənaye inqilabı texnologiyaları sahəsində 800-ə yaxın kursdan ödənişsiz yararlandığı vurğulanıb. Layihənin “Milli Proqram” şəklində davam etdiriləcəyi bildirilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti tərəfindən birgə həyata keçirilən “4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov akademiyanın ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verdiyini vurğulayıb. Layihə müddətində 1 il ərzində 10 min nəfər “Coursera” onlayn təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan ödənişsiz yararlanıb. İştirakçılar 32 min saatdan çox videomühazirələrə qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4300 beynəlxalq sertifikat əldə ediblər.

Bildirilib ki, “4Sİ Akademiyası” layihəsi “Milli Proqram” şəklində davam etdiriləcək. Bu dəfə proqram 200 min vətəndaşı, o cümlədən “Coursera” platformasında təqdim olunan 8 min kursun hamısını əhatə edəcək. Yalnız ingilis dilində kursların təqdim olunduğu pilot layihədən fərqli olaraq, “Milli Proqram” çərçivəsində bütün kurslar Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Daha çox tələbatın olduğu 20 kurs isə süni intellekt vasitəsilə Azərbaycan dilində səsləndiriləcək.

Təhsil platformasında bu ildən süni intellekt əsaslı “Coursera Coach” fərdiləşdirilmiş bələdçi funksiyası istifadəyə veriləcək.  Bu bələdçi vasitəsilə istifadəçi öz təhsilinə və karyera hədəflərinə uyğun kurslar haqqında məlumat alacaq. Həmçinin platformada “Hiring Solutions” (İşəgötürmə həlləri) aləti Azərbaycandakı işəgötürənlər üçün əlçatan olacaq. Müəssisələr bu alət vasitəsilə istədikləri bilik və bacarıqlara uyğun kursları bitirmiş şəxslər haqqında məlumat alacaqlar və onları işə dəvət edə biləcəklər.

Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov istifadəçilərin “4Sİ Akademiyası” çərçivəsində dünyanın nüfuzlu universitet və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından yararlandığını bildirib. Təklif edilən kursların istifadəçilərin texniki bacarıqlarla yanaşı, liderlik və ünsiyyət bacarıqlarını da inkişaf etdirdiyi qeyd olunub.

“Coursera” şirkətinin Avropa, Orta Şərq və Afrika regionu üzrə icraçı direktoru Nikolaz Fuko 148 milyondan çox istifadəçisi olan “Coursera” platformasında dünyanın aparıcı universitetləri və qabaqcıl texnologiya şirkətlərinin onlayn kurs və təlimlərinin təklif edildiyini qeyd edib. Azərbaycanlı istifadəçilərin layihə çərçivəsində aktiv şəkildə kurslara qatıldığını, əsasən rəqəmsal texnologiyalar, süni intellekt və biznes yönümlü təlimlərə maraq göstərdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, “4Si Akademiyası” cari ilin sentyabr ayında “Coursera” şirkəti tərəfindən keçirilən müsabiqədə 42 ölkə tərəfindən təqdim olunan 180 layihə arasından seçilərək” Süni İntellekt” nominasiyası üzrə “Üstün Nailiyyət Mükafatı”na layiq görülüb.

Tədbir çərçivəsində “4Sİ Akademiyası”nın məzunları uğur hekayələrini iştirakçılarla paylaşıblar. Yüksək nailiyyət qazanmış məzunlara sertifikatlar təqdim olunub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.