
Azərbaycan Mərkəzi Bankının (AMB) nəzarət prizmasında əsas məqsəd lisenziyalaşdırılmış təşkilatların inkişafını dəstəkləməkdir.
Bunu AMB-nin sədr müavini Vüsal Xəlilov Baku Fintech Forumu 2025 çərçivəsində çıxışı zamanı bildirib.
“Təşkilatların daxili sistemləri qarşılaşdıqları çağırışlara effektiv cavab verməlidir. Bu səbəbdən biz həm klassik mexanizmləri tətbiq edirik, həm də ‘2024–2026-cı illərdə Maliyyə sektorunun inkişaf strategiyası’ çərçivəsində risk əsaslı nəzarət modeli üzərində çalışırıq. Müasir intellektual modellər bu nəzarəti daha səmərəli həyata keçirməyə imkan verir”, — deyə o vurğulayıb.
AMB rəsmisi əlavə edib ki, ölkədə kartlarla aylıq dövriyyə 10 milyard manata çatıb: “Bu, ölkədə nağdsız ödənişlərə keçidin bariz nümunəsidir. Eyni zamanda ani ödənişlərdə də artım müşahidə olunur. Milli ödəniş sistemində əməliyyatların 10 %-i artıq ani ödənişlər sisteminə keçib və bu göstəricini daha da artırmağı planlaşdırırıq”.
Mənbə: Report.az







