
Azərbaycanın Ukraynadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Məlumata görə, səfirliyin və “SOCAR Energy Ukraine” kollektivinin üzvləri əvvəlcə Ulu Öndərin səfirlik binasında yerləşən büstü önünə gül dəstələri qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra səfirliyin Heydər Əliyev zalında anım tədbiri təşkil olunub. Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafındakı misilsiz xidmətlərini vurğulayıb. O bildirib ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycanın taleyində həlledici rol oynayıb.
Səfir qeyd edib ki, Ümummilli Liderin təməlini qoyduğu güclü Azərbaycan bu gün Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində daha da möhkəmlənir və beynəlxalq aləmdə nüfuzunu artırır.
Tədbirdə “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov da çıxış edərək Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılmasında xüsusi rolundan bəhs edib.





