
Ötən il Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) sektoru dinamik artım tempi nümayiş etdirib.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fuad İsayev “Kapital bazarlarına çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin sonuna BOKT-ların cəmi aktivləri 1,24 milyard manat təşkil edib ki, bu da il ərzində 25% artım deməkdir. Kredit portfeli isə 29% artaraq 1 milyard manatı ötüb.
Fuad İsayev qeyd edib ki, sektorun kapital dayanıqlığı yüksək səviyyədədir. Belə ki, kapitalın aktivlərə nisbəti 24,5% təşkil edir. 2025-ci il ərzində BOKT-ların kapitalı 26,2% artaraq 300 milyon manatı keçib.
Baş direktor əlavə edib ki, son 3 il ərzində BOKT-lar tərəfindən ümumilikdə 85,8 milyon manat məbləğində istiqraz buraxılışı həyata keçirilib. İstiqrazların 97%-i milli valyutada yerləşdirilib, orta müddət isə 2,5 il olub.
O, həmçinin bildirib ki, 2025-ci ildə Mərkəzi Bank tərəfindən “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun tələblərinə uyğun olaraq “Bank olmayan kredit təşkilatlarında kənar audit aparılmasına dair minimum tələblər” təsdiqlənib və həmin tələblər 22 noyabr 2025-ci il tarixindən qüvvəyə minib.





