
Milli maraqlara zidd olan müstəsna hallarda strateji əhəmiyyətə malik investisiyalar dövlət tərəfindən alınacaq.
Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Hazırkı qanunvericiliyə əsasən, investisiyalar iki əsasla – dövlət ehtiyacları üçün və rekviziya məqsədilə (təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar və fövqəladə xarakter daşıyan digər hallarda) dövlət tərəfindən alına bilər. Hər iki halda investora qanunun müvafiq maddələrinə uyğun olaraq kompensasiya ödənilir.
Təklif olunan dəyişiklik isə investisiyaların dövlət tərəfindən alınmasının yeni əsasını müəyyən edir. Belə ki, strateji əhəmiyyətə malik investisiyalar Azərbaycan dövlətinin və xalqının mənafelərinə zərər vurduqda və ya milli maraqlara zidd olduqda, müstəsna hallarda onların dövlət tərəfindən alınması mümkün olacaq.
Qanun layihəsinə əsasən, bu halda da investorlara investisiyanın dəyəri ümumi qaydada kompensasiya ediləcək.
Qeyd edək ki, dəyişiklik strateji investisiyalar üzrə hüquqi mexanizmin təkmilləşdirilməsini və milli maraqların qorunmasını hədəfləyir.





