Home » Vüqar Bayramov: Azərbaycanda süni intellektin yaratdığı əlavə dəyər ölçülmür

Vüqar Bayramov: Azərbaycanda süni intellektin yaratdığı əlavə dəyər ölçülmür

by Zeyneb
0 comments 1 views 2 minutes read

Azərbaycanda süni intellektin yaratdığı əlavə dəyər ölçülmür və kənd təsərrüfatında bu praktikanın tətbiqi çox vacibdir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin Aqrar siyasət komitəsində keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatında süni intellektin tətbiqi nəticəsində əldə edilən konkret iqtisadi nəticələrin ölçülməsi vacibdir: “Yaxşı olardı ki, bu gün Kənd Təsərrüfatı Nazirliyi süni intellektin tətbiqi nəticəsində aqrar sektorda əldə edilən konkret nəticələri qeyd edərdi. Süni intellektdən və yaxud rəqəmsal həllərdən istifadə nəticə deyil, vasitədir. Nəticə konkret iqtisadi dəyərlə ifadə olunur. Eləcə də kənd təsərrüfatı sektorunda yaradılan dəyərin hansı hissəsinin süni intellekt və ya rəqəmsal həllər hesabına əldə edilməsinin də hesablanmasına ehtiyac var”.

Deputat qeyd edib ki, hazırda süni intellektin tətbiqi nəticəsində qlobal aqrar sektorda yaradılan dəyər 4,7 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir və 2035-ci ilə qədər bu göstəricinin 46,6 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, kənd təsərrüfatında süni intellekt əsasən dəqiq əkinçilik, avtomatlaşdırma, dron analitikası və heyvandarlığın monitorinqində tətbiq olunur. Dəqiq əkinçilik gübrələrin və pestisidlərin dəyişkən nisbətdə tətbiqini, həmçinin süni intellekt tərəfindən idarə olunan sahəyə uyğun bitki seçimini əhatə edir. Avtomatlaşdırma isə işçi qüvvəsi çatışmazlığını aradan qaldırmağa kömək edir. Dronlar məhsulun monitorinqi və sahə təhlili üçün geniş istifadə olunur, heyvandarlıqda isə süni intellekt heyvanların sağlamlığını, davranışını və qidalanmasını izləmək, rifahı və məhsuldarlığı artırmaq üçün tətbiq edilir.

V.Bayramov bildirib ki, hazırda ölkədə kənd təsərrüfatı sektorunda 1 milyon 782 min nəfər çalışır və bu sahə məşğulluq baxımından ən böyük sektordur. Müqayisə üçün qeyd olunub ki, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 715 min nəfər işləyir. Buna baxmayaraq, məşğul əhalinin 35,4 %-nin kənd təsərrüfatında çalışmasına baxmayaraq, sektorun Ümumi Daxili Məhsuldə payı cəmi 5,9 % təşkil edir.

Deputatın sözlərinə görə, 2025-ci ildə kənd təsərrüfatında 7 milyard 616 milyon manatlıq dəyər yaradılıb. Ümumilikdə iqtisadiyyatda hər məşğul işçi başına düşən illik iqtisadi dəyər 25 min 671 manat olduğu halda, kənd təsərrüfatında bu göstərici cəmi 4 min 273 manatdır.

O əlavə edib ki, bir sıra inkişaf etmiş ölkələrdə kənd təsərrüfatında işçi qüvvəsinin payı xeyli aşağıdır. Məsələn, bu göstərici Rusiyada 5 %, Polşada 6 %, Qazaxıstanda 11 %, Türkiyədə isə 14 % təşkil edir. Niderlandda məşğul əhalinin cəmi 2 %-i kənd təsərrüfatında çalışsa da, 2025-ci ildə bu ölkənin aqrar ixracı 137,5 milyard avro olub.

Azərbaycanda isə ötən il aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 1,3 milyard ABŞ dolları təşkil edib. Deputatın fikrincə, istehsal və ixrac imkanlarının artırılması, həmçinin mövcud fərqlərin azaldılması üçün kənd təsərrüfatında süni intellektdən daha geniş istifadə olunması vacibdir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.