
Bu il yanvarın 1-nə Azərbaycanın maliyyə sektorunun aktivləri 60,6 milyard manat təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd olunub.
Məlumata görə, bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) 46,9 %-inə, qeyri-neft-qaz ÜDM-nin isə 65,7 %-inə bərabərdir. Maliyyə sektorunun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % azalıb.
Hesabat dövrünə sektorun aktivlərinin 92,3 %-i banklarda cəmləşib ki, bu da bir il əvvələ nisbətən 15,1 faiz bəndi çoxdur.
Eyni zamanda bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının aktivlərdəki payı 19,5 %-dən 2 %-ə düşüb. Sığorta şirkətlərinin payı 3 %-dən 3,5 %-ə yüksəlib, investisiya şirkətlərinin payı isə 0,2 % səviyyəsində qalıb.
BOKT-ların aktivlərdəki payının kəskin azalması isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin toksik aktivlərinin cəmləşdiyi “Aqrarkredit” QSC BOKT-un aktivlərinin statistik hesablamalarda nəzərə alınmaması ilə izah edilir.




