
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alan vətəndaşlara bu il martın 1-nə qədər 90,7 milyon manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
Hesabat tarixinə portal üzərindən ümumilikdə 28 237 müraciət daxil olub.
Məlumata görə, bu müraciətlərdən 17 072-si üzrə ƏDV-nin vətəndaşlara ödənilməsi təmin edilib. Eyni zamanda, 9 234 müraciət üzrə qaydaların tələblərinə uyğun olaraq imtina verilib və ya ödəniş əməliyyatları uğursuz olub.
Bu ilin yanvar-fevral aylarında isə portal vasitəsilə 1 265 müraciət daxil olub. Onlardan 964-ü üzrə 6 milyon manatdan çox vəsaitin ödənilməsi təmin edilib, 206 müraciət üzrə isə imtina qərarı verilib və ya əməliyyatlar uğursuz olub.
Bildirilib ki, müraciətlərə imtina verilməsinin əsas səbəbləri arasında son ödəniş tarixindən sonra 90 gün ərzində müraciət edilməməsi, ödəniş təyinatında e-qaimə məlumatlarının göstərilməməsi, ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi, həmçinin ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi yer alır.
Qeyd olunub ki, ödəniş başqa şəxs tərəfindən aparıldığı halda, yalnız həmin şəxsin notarial qaydada təsdiq olunmuş etibarnaməsi olduqda müraciət nəzərə alınır. Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə depozit hesabına ödənildikdə geri qaytarılma tətbiq edilir.
Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə müvafiq məlumat formalarını qanunvericiliyə uyğun təqdim etməyi tövsiyə edir.
Qeyd edək ki, portal istifadəyə verildikdən sonra tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3 914 məlumat forması təqdim edilib və bu istiqamətdə vergi orqanları tərəfindən monitorinq və təhlil işləri davam etdirilir.




