
Azərbaycanın Aİ-yə qaz ixracında artım qeydə alınıb.
2026-cı ilin ilk yarısında Azərbaycanın Avropa İttifaqına (Aİ) təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3% və ya 0,2 milyard kubmetr artıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilir.
Hesabata əsasən, eyni dövrdə Şimali Afrika ölkələrindən Aİ-yə boru kəmərləri ilə qaz tədarükü 5% və ya 0,8 milyard kubmetr artıb. Rusiyanın Avropa İttifaqına boru kəmərləri vasitəsilə qaz ixracı isə illik müqayisədə 5% və ya 0,4 milyard kubmetr yüksəlib.
BEA-nın məlumatına görə, 2026-cı ilin ilk altı ayında Rusiyanın boru kəmərləri ilə nəql etdiyi qaz Avropanın ümumi qaz tələbatının təxminən 8%-ni təmin edib.
Qeyd edək ki, Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb.




