
İsveçrə parlamentinin yuxarı palatasının İqtisadi məsələlər və vergi komitəsi ölkənin ən böyük bankı UBS üçün nəzərdə tutulan yeni kapital tələblərinin yumşaldılmasını dəstəkləyib.
Komitənin təklifinə əsasən, UBS xaricdəki törəmə şirkətlərini 100 faiz yüksək keyfiyyətli CET1 kapitalı ilə təmin etmək əvəzinə, tələb olunan kapitalın 50 faizini CET1, qalan 50 faizini isə daha ucuz hesab edilən Additional Tier 1 – AT1 kapitalı vasitəsilə formalaşdıra bilər.
Bu yanaşma İsveçrə hökumətinin ilkin planından əhəmiyyətli dərəcədə fərqlənir. Hökumət 2023-cü ildə Credit Suisse-in böhran nəticəsində UBS tərəfindən alınmasından sonra maliyyə sabitliyini gücləndirmək məqsədilə bankdan təxminən 20 milyard dollar əlavə CET1 kapitalı saxlamağı tələb etmək istəyirdi.
UBS isə daha sərt kapital tələblərinin bankın beynəlxalq rəqabət qabiliyyətinə və bütövlükdə İsveçrənin bank sektoruna mənfi təsir göstərə biləcəyini bildirirdi.
Komitənin təklif etdiyi modelə əsasən, UBS hazırkı CET1 kapital səviyyəsini təxminən qoruya biləcək, lakin daha çox AT1 kapitalı saxlamalı olacaq. Bununla yanaşı, AT1 alətlərinin risklərə davamlılığını artırmaq üçün əlavə mexanizmlərin tətbiqi də nəzərdə tutulur.
Belə ki, UBS-in CET1 kapital əmsalı təxminən 11 faizdən aşağı düşərsə, bank investor ödənişlərini və səhmlərin geri alınmasını dayandırmalı olacaq. Kapital bazası müəyyən müddətdə bərpa edilməzsə, bonus ödənişlərinin də azaldılması tələb ediləcək.
Təklif komitədə 10 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edilib, bir üzv isə bitərəf qalıb. Bundan sonra məsələ parlamentin yuxarı palatasında səsverməyə çıxarılmalı, daha sonra aşağı palatada müzakirə edilməlidir.
Yeni kapital tələbləri ilə bağlı yekun qərarın ən tez 2026-cı ilin sonunda, daha böyük ehtimalla isə 2027-ci ildə qəbul ediləcəyi gözlənilir.





