12 iyun 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) və dünyada maliyyə institutlarına təhlükəsiz, standartlaşdırılmış, etibarlı mühitdə maliyyə əməliyyatları üzrə ixtisaslaşan “SWIFT” şirkətinin birgə əməkdaşlığı çərçivəsində “Bulud Alyansı” (Alliance Cloud) mövzusunda vebinar keçirilmişdir.
Vebinarın spikeri Avropa, Rusiya, Qafqaz və Mərkəzi Asiyadakı banklara infrastrukturun təkamülünə dəstək verən və “SWIFT” şirkətinin baş həll memarı (Senior Solution Architect) Olivier Verbanck olmuşdur. Onlayn görüş zamanı “Bulud Alyansı”nın əsas funksiyaları, həmçinin onun Azərbaycan banklarına etibarlı və sərfəli bağlantı qurmağa necə kömək edə biləcəyi məsələlərinə toxunulmuşdur.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 13-14 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə ənənəvi FİNTEX SAMMİT 2023 (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO): “Bank və maliyyə ekosistemində yeni trendlər: innovativ həllər, fintex və təhlükəsizlik” keçirilmişdir. ABA ilə “SWIFT” şirkətinin birgə əməkdaşlığı çərçivəsində keçirilən vebinar da Sammit çərçivəsində təşkil edilən yan tədbirlərdən biri olmuşdur.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.