Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “İT və İT Təhlükəsizlik üzrə Ekspert Qrupu”nun üzvü İlqar Əliyev Dünya Bankı və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə 9 dekabr 2022-ci il tarixində Data-nın İdarə Edilməsinin Qiymətləndirilməsi üzrə layihənin ilkin iclasında iştirak etmişdir.
Layihənin əsas məqsədləri ölkədə məlumat idarəçiliyi təşəbbüslərinin yetkinlik səviyyəsinin müəyyənləşdirilməsi və Azərbaycanda məlumat idarəçiliyi üzrə əsas maraqlı tərəflərə əldə etdikləri nəticələri və tövsiyələri ilə hökumətin rəqəmsal transformasiya, o cümlədən Məlumat İdarəçiliyi Çərçivəsinin hazırlanması üzrə davam edən səylərinə töhvə vermək imkanının yaradılmasıdır.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvidir.