DGK yanında İctimai Şura və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında görüş keçirilib
İyulun 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şura və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası arasında görüş keçirilib.
Xatırladaq ki, 2020-ci ildə yaradılan və 2022-ci ildə rəsmi qeydiyyatdan keçən Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və sıralarında gömrük təmsilçiləri, brokerlər, nəqliyyat və daşıma ilə məşğul olan sahibkar və şirkətləri əhatə etməklə 130-dan çox daimi və assosiativ üzvə malikdir.
AGTL sıralarında ölkənin ən böyük nəqliyyat və logistika şirətlərini, eləcə də gömrük brokerlərini birləşdirir. Eyni zamanda AGTL, Beynəlxalq Gömrük Brokerləri Assosiyasiyaları Federasiyasının üzvüdür.
Dövlət Gömrük Komitəsi yanında İctimai Şura ilə görüşdə Azərbaycanda son dövrlər DGK tərəfindən gömrük xidmətləri sahəsində həyata keçirilən islahatlar, o cümlədən sahibkarların fəaliyyətini asanlaşdırmaq üçün tətbiq edilən elektron rəsmiləşdirmə, gömrük sahəsində rəqəmsal xidmətlərin tətbiqi, tranzit daşımalarının sürətləndirilməsi və sair məsələlər barədə fikir mübadiləsi aparılıb.
Eləcə də görüşdə nəqliyyat-logistika və gömrük təmsilçiliyi sahəsində aktual məsələlər, bu sahədəki islahatların sürətləndirilməsi məqsədilə AGTL üzvlərinin irəli sürdüyü təkliflər, şirkətlərin qarşılaşdığı hallar müzakirə edilib.
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri, Azərbaycan Banklar Assosiasiyasının prezidenti və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Zakir Nuriyev İctimai Şuranın fəaliyyəti, son illər Dövlət Gömrük Komitəsi tərəfindən aparılan islahatlar, bu addımların biznesə və sahibkarların fəaliyyətinə və son nəticədə dövlətimizin iqtisadi inkişafına müsbət təsiri barədə məlumat verib. Onun sözlərinə görə, sahəvi qurumlarla mütəmadi görüşlərin keçirilməsində məqsəd bu sahədəki vəziyyətlə daha yaxşı tanış olmaq, dövlət özəl əməkdaşlığının güclənməsi və şəffaflığın artırılması üçün imkanları araşdırmaqdır.
Görüşdə AGTL sədri Vüsal Qasımov təşkilatın fəaliyyəti, Azərbaycanda logistika və təchizat zənciri, tranzit və adi yük daşımaları ilə bağlı vəziyyət, gömrük xidmətlərin sistemindəki dəyişikliklər və bunun yüklərin keçidi və gömrük rəsmiləşdirilməsinə təsiri barədə məlumat verib, eləcə də təşkilatı maraqlandıran mövzuları səsləndirib.
Görüşdə son aylar sürətlə populyarlaşan Orta Dəhlizin fəaliyyəti, onun gətirdiyi üstünlüklər, nəqliyyat və gömrük sənədlərinin rəqəmsallaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.
AGTL sədri Vüsal Qasımov və təşkilatın üzvləri bu sahədə bəzi təklifləri səsləndiriblər. O cümlədən bu sahədəki maliyyə risklərin sığortalanması, yük sahiblərinin statusunun əvvəlcədən dəqiqləşdirilməsi imkanı və sair məsələlər qaldırılıb.
Bundan başqa, təşkilat üzvləri beynəlxalq nəqliyyat və logistika sahəsində qeyri-rəsmi fəaliyyətə nəzarət, bu halların ümumi sektora zərəri və yaratdığı problemlər barədə məlumat verərək belə hallara nəzarət üçün birgə sistemin yaradılması təklif edilib.
Görüşdə İctimai Şuranın sədri Zakir Nuriyev təkliflərə və səsləndirilən fikirlərə görə AGTL üzvlərinə təşəkkür edib. Səsləndirilən təkliflərin diqqətlə öyrəniləcəyini və müzakirə ediləcəyini bildirib.
Tərəflər belə görüşlərin davam etdirilməsi və qarşıdakı günlərdə təşkilat üzvlərinin iştirakı ilə daha geniş müzakirələrin təşkil edilməsini qərara alıblar.